Daxili İşlər Nazirliyi Cəlilabadda döyülən müəllimlə bağlı məsələyə münasibət bildirib.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, rayonun Uzuntəpə kənd orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib:
“O, müraciətində mayın 16-da axşam radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında rayon Polis Şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerinə baxış keçirib.
Müvafiq ekspertiza təyin olunaraq rəyi alınıb və digər təxirəsalınmaz prosessual hərəkətlər icra olunub. Ekspertiza tərəfindən müəllimə yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilib”.
Orxan Mansurzadə bəzi mətbuat orqanlarında müəllimin qıza sataşması ilə bağlı yazılanlar barədə də danışıb.
O bildirib ki, araşdırma zamanı hər iki tərəfin izahatı alınıb:
“Müəllimin bir qrup şəxs tərəfindən döyülməsinə səbəb olan yeniyetməyə sataşmaq məsələsi öz təsdiqini tapmayıb. Qarşı tərəf də müəllimin döyülməsini yaranmış əsassız şayiələrə inanmaları ilə izah edib və emosional olduqlarını bildiriblər. Tərəflər arasında barışıq əldə olunub”.
Faktla bağlı Cinayətlə Məcəlləsinin müvafiq maddəsi ilə iş qaldırılıb. Hazırda istintaq aparılır.
Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma gedir.
Sorğu
Yeni dizaynımız necədir?