İnanırıq ki, əlaqədar dövlət qurumları dərhal məsələyə aydınlıq gətirəcək… Sosial şəbəkələrdə Azərbaycan türkcəsində aydın danışan bir neçə şəxsin işğal altındakı Şuşa şəhərindəki İsa bulağında yeyib-içməyə hazırlaşdıqlarını təsvir edən video-görüntülər yayılıb.
GundemXeber.Az bildirir ki, videonu Moderator.az-a Şuşanı yaxşı tanıyan, işğaladək İsa bulağında dəfələrlə olmuş fəal oxucularımızdan biri yollayıb. Həmin video-görüntülərin məhz İsa bulağında çəkildiyini şuşalılar da təsdiqləyir. Sözsüz ki, səslərin montaj edilməsi də mümkündür… Əgər gerçəkdən hansısa azərbaycanlılar hər hansı yolla( Rusiya, yaxud digər ölkə vətəndaşı kimi, erməni tanışları vasitəsilə və s.) Azərbaycan dövlət qurumlarının xəbəri olmadan ermənilərin əlində olan məkana belə sərbəst gedibsə, bununla düşmən dəyirmanına su tökdükləri şəksizdir…
Separatçı-terrorçu erməni rejiminin rəhbərliyi bir neçə dəfə bəyan edib ki, azərbaycanlılar, o cümlədən məcburi köçkünlər işğal altındakı torpaqlarımıza ya turist kimi, ya da rejimin “vətəndaş”lığını qəbul etdikdən sonra “sərbəst gəlib-gedə bilərlər”…
Bu yaxınlarda Moderator.az-da bir erməni blogerinə istinadla verdiyimiz informasiya da diqqət çəkmişdi: guya bəzi məcburi köçkün Azərbaycan vətəndaşları İran vətəndaşlığını qəbul edərək həmin ölkədən sərbəst şəkildə Qarabağa keçib öz yurdlarını ziyarət edirlər… Lakin bu da o qədər inandırıcı səslənmir…
Guya Azərbaycan vətəndaşlarından birinin qondarma rejim vətəndaşlığını qəbul etmək üçün separatçılara müraciət etməsi barədəki şayiələr də bu qəbildəndir…
Bütün hallarda Azərbaycan dövlətinin xəbəri olmadan hər hansı azərbaycanlı tərəfindən belə bir addım atılması Ermənistanın maraqlarına xidmət edir. Çünki torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan düşmən müxtəlif yollarla süni “barışıq” əldə etməklə həmin ərazilərə de-yure yiyələnməyə cəhd edir. Bunun yollarından biri də yalançı “xalq diplomatiyası”dır. Yəni guya azərbaycanlılar ermənilərlə sərbəst görüşüb-danışır, yeyib-içir, Qarabağa gedib-gəlir və artıq işğal altındakı torpaqların Ermənistana məxsus olması faktı ilə barışırlar… Çox güman ki, bəhs edilən video-görüntü də bu məqsədə xidmət edən erməni təxribatından savayı bir şey deyil…
Bizim Moderator.az olaraq bu görüntüləri ictimailəşdirməkdə məqsədimiz ona tamaşa edən vətəndaşlarımızın, eləcə də xaricdəki soydaşlarımızın düşmən təxribatlarına uymasının, yersiz şayiələrin qarşısını almaqdır…
İnanırıq ki, əlaqədar dövlət qurumları bəhs edilən görüntülərin mənbəyini, məqsədini, görüntülərdəki şəxslərin kimliyini dərhal araşdıraraq lazım gələcəyi təqdirdə ictimaiyyəti məlumatlandıracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?