Həbsdə olan hüquqşünas Əliabbas Rüstəmovun iyulun 25-dən saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığı bildirilir.
Jurnalist Şahvələd Çobanoğlunun sözlərinə görə, bu barədə ona Əliabbas Rüstəmovun özü zəng vuraraq xəbər verib.
Jurnalistin bildirməsinə görə, Əliabbas Rüstəmov öz həbsini "qanunsuz" adlandıraraq, azadlığa buraxılmasını tələb etdiyini bildirib.
Şahvələd Çobanoğlu əlavə edib ki, avqustun 7-də Ali Məhkəmədə onun cəzasının 2/3 hissəsini çəkməsi ilə əlaqədar azad olunması ilə bağlı müraciətinə baxılacaq.
"Turan" Agentliyi hüquqşünasın aclıq aksiyasına başlaması ilə bağlı dediklərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovdan münasibət almağa çalışıb. Agentliyin məlumatına görə, Mehman Sadıqov yalnız onu bildirib ki, aclıq etmək hər məhbusun haqqıdır və o, hər hansı səbəblə bağlı belə tədbirə əl atırsa, bu barədə rəsmi olaraq saxlandığı müəssisənin rəhbərliyinə müraciət etməlidir. "Belə olan halda o, digər məhbuslardan təcrid olunur və onun sağlamlığı ilə bağlı vəziyyətinə nəzarət olunur".
Lakin Mehman Sadıqovv Əliabbas Rüstəmovun aclıq aksiyası keçirib-keçirməməsi və bununla bağlı lazımı müraciəti edib-etməməsi ilə bağlı konkret heç nə deməyib.
Xatırlatma
Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.
2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.
Hüquqşünas ittihamın qurama olduğunu bildirir və onu rədd edir. Hüquq müdafiəçiləri onun adını siyasi məhbuslarla bağlı siyahıya salıblar.
Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların deməsinə görə, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?