Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
11.30
Bakıda iki gün əvvəl baş verən qətlin üstü açılıb.
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədzadənin qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və Prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.
İlkin məlumata görə, H. Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədzadənin ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev F.Məmmədzadəni ürək nahiyəsindən bıçaqlayıb.
Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.
Sorğu
Yeni dizaynımız necədir?