Sentyabrın 20-də Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) polis Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının keçirdiyi müşavirənin iştirakçılarını saxlayıb.
Partiyanın 25 nəfərə yaxın fəalı, həmçinin Bakıdan onlarla görüşə gedən AXCP Gənclər Komitəsinin rəhbəri Emil Səlim və komitənin digər üzvü Niyaməddin Əhmədov polis idarəsinə aparılıb.
Bu barədə Amerikanın Səsinə Emil Səlim bildirib.
“Gəncə şəhərində partiyamızın müşavirəsi baş tutdu. Müşavirə başa çatandan sonra polis xəbər tutdu və bizi, 25 nəfərədək fəalı Kəpəz rayon Polis İdarəsinə apardılar. Orada dörd saatadək saxlanıldıq. Sonra guya qanunsuz yığıncaq keçirməyimizlə bağlı protokol tərtib etdilər və xəbərdarlıq edərək fəalların hamısını sərbəst buraxdılar,” Emil Səlim Amerikanın Səsinə bildirib.
“Polisin bu davranışı AXCP-yə qarşı təzyiq və qanunsuzluqdur,” o əlavə edib.
Rəsmi qurumlar müxalifət partiyasının fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?