Hüquqşünasa görə, bəzi şəxslər özlərini qorumaq üçün gecə-gündüz Allaha yalvarırlar ki, həbsdəki bankirin arvadı Azərbaycana verilməsin, çünki…
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmayacaq. Bu barədə Vestminster şəhər məhkəməsi qərar çıxarıb. Azərbaycan hökumətini təmsil edən vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini deyib. Z.Hacıyevanın vəkili isə qərarı şərh etməkdən imtina edib.
“Hacıyevin neft ”vışkası” yoxdur ki, fontan vursun, pullar axsın”
Tanınmış hüquqşünas Əkrəm Həsənov London məhkəməsində çıxarılan qərarla bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. Deyib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya olunmamasının obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəbi budur ki, Zamirə Hacıyevanın günahının olması sübut olunmalıdır. Zamirə Hacıyeva Beynəlxalq Bankda vəzifə tutmayıb, dövlət qurumlarından hər hansı birində işləməyib, rüşvət almayıb. Ala da bilməzdi. Onun heç bir sənədə imza atmaq səlahiyyəti olmayıb. Amma məsələnin bu tərəfi də var ki, sadəlövh, orta səviyyəli, ali təhsili olmayan biri də başa düşərdi ki, ərinə qanuni yolla bu qədər pullar gələ bilməz. Cahangir Hacıyevin neft ”vışkası” yoxdur ki, fontan vursun, pullar axsın.
Zamirə Hacıyeva ile ilgili görsel sonucu
Cahangir Hacıyev pulları verib, Zamirə Hacıyeva da sağa-sola xərcləyib. Amma bunu sübut etmək lazım idi ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunsun. Bunu sübut etmək üçün işə savadlı hüquqşünasları cəlb etmək olduqca vacib şərt idi. Hansılar ki, bank hüququnu, maliyyə məsələlərini, ümumiyyətləb iqtisadiyyatı, ingilis hüququnu bilməli idilər”.
“Arxayındırlar ki, nə çalsalar, məhkəmə də onu ”oynayacaq””
Vəkillik praktikası ilə məşğul olan Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələrində iqtisadi işlərlə bağlı ittiham tərəfinin səriştəsizliyinin, savadsızlığının şahidi olur: “Məhkəmədə açıq-aydın görünür ki, təqsirləndirilən şəxsin əməlində cinayət var. Amma bunu məhkəmədə sübuta yetirə bilmirlər. Sadəcə, məhkəmələr ittiham tərəfindən çıxış edir deyə təqsirləndirilənə ittihamedici hökm çıxarılır. Ona görə də heç kim özünə əziyyət vermir, arxayındırlar ki, nə çalsalar, məhkəmə də onu ”oynayacaq”. Təbii ki, bu halda London məhkəməsində qalib gəlmək mümkün deyildi. Bunu Zamirə Hacıyevanın işi üzrə məhkəmə başlayan ilk gündən deyirdik ki, nəticə belə olacaq”.
“Gecə-gündüz Allaha yalvarırlar ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmasın”
Məsələnin bu tərəfi də var ki, Cahangir Hacıyev o qədər pulu özbaşına Beynəlxalq Bankdan çıxara bilməzdi. O pulların bankdan çıxması üçün 2-3 nəfər rəy verməli, imzalarını sənədlərə atmalıydılar. Cahangir Hacıyevin arxasında Eldar Mahmudovun dayanmasının da heç bir əhəmiyyəti yoxdur. Çünki həmin pulların bankdan çıxması bir neçə dövlət qurumunun razılığı ilə olub”.
Əkrəm Həsənov deyir ki, həmin şəxslər özlərini qorumaqla faktiki olaraq Zamirə Hacıyevanı qoruyurlar: “Gecə-gündüz Allaha yalvarırlar ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunmasın, bu işlərin də üstü açılmasın. Məsələnin Azərbaycana aid hissəsində durum belədir. Digər tərədən də ingilislər Zamirə Hacıyevanı Azərbaycana niyə versinlər? İngilislər yüz illiklərlə hazırda olan sistemi qurublar ki, hamı oğurladıqları, çırpışdırdıqları pulları gətirib onların iqtisadiyyatına yatırsın. Bu dəqiqə Zamirə Hacıyevaya deyirlər ki, İngiltərədə nəyin var, bizə ver, başqa ölkələrdə olanları da ver, biz də səni Azərbaycana verməyək.”
“Hacıyeva ona həyat yoldaşı tərəfindən verilən pulların mənbəyini bilib”
Hüquqşünas deyir ki, Zamirə Hacıyevanın Azərbaycana verilməsi üçün “daşdan keçən” arqumentlər təqdim olunmalıdır. “Vəzifəli şəxs olmayan, evdar qadın statuslu birinin ona həyat yoldaşı tərəfindən verilən pullara görə sorğulanması, istintaqa cəlb edilməsi nə dərəcədə doğrudur” sualına Əkrəm Həsənovun cavabı belə olub: “Kişi evə 1000, 10 min, 20 min manat gətirər, qadın da düşünər ki, pullar qanuni yolla qazanılıb. Azərbaycan məhkəməsində olmasa da, ingilis hüququnda, məhkəməsində ağlabatanlıq və vicdanlılıq konsepsiyası geniş inkişaf edib. Azərbaycanda olduğu kimi formalist deyillər. Onlar deyəcəklər ki, orta təhsilli evdar qadın da bilir ki, kişi bu qədər pulu qanuni yolla qazana bilməz. Nəinki Azərbaycanda, dünyanın ən böyük banklarının rəhbərləri bu qədər pulu qanuni yolla qazana bilməz. İngilis məhkəməsini inandırmaq mümkün idi ki, Zamirə Hacıyeva ona həyat yoldaşı tərəfindən verilən pulların mənbəyini bilib. Və bu onun ölkəyə ekstradisiyası üçün əsas ola bilərdi”.
“İngilis məhkəməsi isə deyir ki, ”ay qız, sən bilmirdin ki…”
“Zamirə Hacıyeva israr etsəydi ki, bundan xəbərsiz olub, bu halda necə, onun barəsində ekstradisiya qərarı yenə də verilərdir” sualına Əkrəm Həsənovun cavabı belə oldu: “Hüquqda, ancaq ingilislərdə deyil, Azərbaycanda da bilirdi və ya bilməli idi konsepsiyası var. Yəni Zamirə Hacıyevanın israrından asılı olmayaraq onun günahı ingilis məhkəməsində ortaya çıxarıla bilərdi. Bu həmin məhkəmədir ki, Rusiyanın 2 oliqarxı – Abramoviçlə Berezovski London məhkəməsində çəkişəndə hətta ”krışa” məsələsinə baxılırdı. Berezovski gəlib London məhkəməsində deyirdi ki, Rusiyada məndən “krışalıq” etmək üçün pul istəyirdilər. Yəni London məhkəməsində hətta “krışa” məsələsinə də baxırlar. Ona görə də bu gün bütün dünyada beynəlxalq müqavilələr bağlanarkən mübahisə yaranacağı təqdirdə məsələnin ingilis hüququ ilə çözülməsi qeyd olunur. Bunun da səbəbi odur ki, ingilis hüququ çevikdir, formalist deyil, reallığı nəzərə alır. Reallığı nəzərə alır, “reallıqda belə olmalıdır, başqa cür ola bilməzdi” məsələlərini qəbul edir. Azərbaycanda isə formalizmi xoşlayırlar. Qanunda belə yazılıb deyib dayanırlar. İngilis məhkəməsi isə deyir ki, “ay qız, sən bilmirdin ki, sənin ərin bu qədər maaşla sənə bu qədər pulu gətirib verə bilməzdi? Dünya dağılsa idi də onun bu qədər pulu ola bilməzdi?” Bilmisənsə, deməli, cinayətdə iştirak etmisən və ekstradisiya olunmalısan.
“Peşəkarlıq və dürüstlük olmadı deyə…”
Əkrəm Həsənov deyir ki, ingilis hüququ Azərbaycana ölkənin bankından oğurlanan pulların Zamirə Hacıyevanın ixtiyarına verilməsini sübut etmə hüququnu tanıyıb, amma səriştəsizlik London məhkəməsində belə bir qərarın ortaya çıxmasına səbəb olub: “Peşəkarlıq və dürüstlük olmadı deyə Zamirə Hacıyevanın ekstradisiyası haqda qərar verilmədi. Bununla belə, Azərbaycanın imkanı vardı ki, özündə peşəkar tapıb ora göndərə bilmədiyi halda xaricdən peşəkar tapıb London məhkəməsinə yollasın. Amma xarici nümayəndə də deyəcəkdi ki, iş üzrə məlumatları təqdim elə. Pullar Zamirə Hacıyevanın bank kartlarına, cibinə kimlərin imzası ilə axıb. Bunu verməyəcəkdilərsə, xarici peşəkar gedib London məhkəməsində nə edəcəkdi?” Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterlinq xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyinə görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır. 2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?