Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin ölümlə təhdid olunması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
Belə ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.
Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?