“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb. Gundemxeber.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
***01:57
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov “Binə” ticarət mərkəzində yanğının baş verdiyi hadisə yerinə gəliblər. Onlara mövcud vəziyyətlə bağlı məlumat verilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır.
***01:53
Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
***01:34
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın başlayıb. Yanğın ticarət mərkəzində yerləşən mağazaların birində qeydə alınıb. Hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri yanğının qarşısını almağa çalışır. Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?