Dronlara müştərilərə yemək və tibbi ləvazimatların çatdırılması öyrədilir. İndi isə Kollec Parkda yerləşən Merilend Universitetinin həkim və alimləri həyat qurtara biləcək xüsusi dronlar hazırlayır.
Həkimlər harasa tez çatmalıdırsa, onlar helikopterlərdən istifadə edir. Bəs onlar xəstələrə orqan kimi mühüm bir şeyi tez çatdırmaq istəsə nə edirlər?
Merliend Universitetinin həkimləri və alimləri orqanları pasientlərə sürətli və ucuz şəkildə çatdırmaq üçün dronları sınaqdan keçirir. Məsələn, səkkiz il orqan nəqli gözləyən merilendli bir qadına böyrək dron vasitəsilə çatdırılıb.
“Bu, çox qısa uçuş idi – yol cəmi 3 mil idi və uçuş 10 dəqiqə çəkdi. Bu, böyük irəliləyiş deyil, amma biz hazırda daha uzun məsafələrdə uçuşa hazırlaşırıq”, Merilend Universitetinin Pilotsuz Təyyarə Sistemlərinin Sınaq Sahəsindən Metyu Skassero bildirib.
İlk uğurlu uçuş böyük hospitalların yerləşdiyi Baltimorda həyata keçirilib.
“Bu, pilotsuz hava sisteminin asanlaşdırdığı ilk canlı orqan nəqlidir. Bu sistem daha çox təkmilləşdiriləcək və sonunda həyat qurtaracaq”, Merliend Universitetinin Robototexnika Mərkəzinin direktoru Derek Peyli deyib.
Dronların ən yaxşı tərəfi həcmi və sürətidir. Onlar təcili tibbi yardım maşınından, hətta bəzi helikopterlərdən belə daha sürətli hərəkət edə bilir.
“Orqan hazır və pasientə uyğun olan zaman, drona “get” göstərişini verəcəksən və o dərhal hərəkətə keçəccək, beləcə orqan canlı qalacaq, xərclər də azalacaq”, Metyu Skassero deyir.
Alimlər ümid edir ki, bir çox sınaqdan sonra bu texnologiya təkcə Birləşmiş Ştatlar deyil, dünya boyu hospitallar tərəfindən qəbul edilib, istifadə olunacaq və beləcə beynəlxalq orqan donorları şəbəkəsi yaranacaq.
“Bu, dünya boyu baş verə bilər. Dünya ətrafında hipersonik sürətlə hərərək edən dronlar ola bilər və onlar orqanı hazır olduğu andan bir neçə saat sonra pasientə çatdıra bilər”, Skassero bildirir.
Hələ ki, alimlər və mütəxəssislər bir çox hüquqi məsələni həll etməlidirlər, amma texnologiyanı inkişaf etdirənlər deyir ki, tibbi dron uçuşlarının riskini azaldan texnologiyalar artıq mövuddur və onların tamamilə sınaqdan keçirilib, tətbiq olunması cəmi 2-5 il vaxt aparacaq.
Sorğu
Yeni dizaynımız necədir?