Elxan Hümbətov hədə-qorxu ilə pul tələb edən dəstəyə başçılıq edirmiş
Özlərini DTX polkovniki, general kimi təqdim edərək, Qusar Rayon Xəstəxanasının baş həkimindən və digər şəxslərdən külli miqdarda pul alan 3 nəfərdən ibarət dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğluna, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğluna və 1978-ci il təvəllüdlü Elxan Hümbətova hökm oxunub. Rövşən Əliyev 9 il, Hətəmxan Çobanov 8 il, Elxan Hümbətov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət işindən belə məlum olur ki, sözügedən şəxslər Qusar xəstəxanasının baş həkimi Mübariz Zeynalova qarşı əllərində rüsvayedici faktların olduğunu, xəstəxanadakı həkimlərdən birinin onun barəsində müvafiq orqanlara şikayət yazdığını bildirərək, onu şantaj ediblər. Dəstə üzvlərindən Rövşən Əliyev baş həkimə general kimi təqdim olunub. Əvvəlcə özünü sürücü kimi təqdim edən Elxan Hümbətov isə sonradan M.Zeynalova əslində guya DTX polkovniki olduğunu bildirib.
Dəstə üzvləri müxtəlif ssenarilər qurmaqla baş həkimdən üst-üstə 125 min manat pul alıblar. Baş həkim ifadəsində cinayətkar dəstənin yüksək rütbəli şəxslərin adından istifadə etdiyini bildirib: “Dedilər ki, Samir (Qusar xəstəxanasının həkimi-red.) sənin torbanı tikir, sənin yerinə keçmək istəyir. Elxan dedi ki, Samir vəzifəli şəxsin adamıdır. Onun adından istifadə edib mənim torbamı tikir. Sonra Elxan mənə söylədi ki, sənin işini ağsaqqala məruzə elədik. Ağsaqqal da deyib ki, narahat olmasın, həll olunub. Ağsaqqal məsələni həll edib. Bir gün sonra Elxan zəng edib söylədi ki, o boyda general gəlib, bir silkələn gör nə edirsən? Mən də dedim ki, üstümdə heç nə yoxdur. Sonra mənə dedi ki, onda fləşkart var. Söylədi ki, həmin fləşkartda mənimlə bağlı rüsvayedici məlumatlar var. Bilmədim ki, nə edim. Onunla görüşməyə razılaşıb, geri qayıtdım. Evdən və tanışlardan pul alıb 5 min düzəldib apardım. Axşam evə gələndə zəng edib söylədi ki, bu nədir gətirmisən? Dedi ki, generala veriləcək məbləğ deyil, biabırçılıqdır. Mənə dedi ki, ortada fləşkart var. Mən də çıxılmaz vəziyyətdə qaldım. Yenə 5 min borc alıb apardım verdim. Fləşkartı istəsəm də vermədi. Həmin fləşkartda mənimlə bağlı videoların, telefon danışıqlarının, ailəmlə bağlı görüntülərin olduğunu dedi. Məndən 100 min istədi. Bir gün sonra da zəng elədi ki, 100 minin üstünə 10 min də qoy. Mən də dedim ki, heç 100 mini düzəldə bilmirəm. Dedi ki, istəyirsən düzəltmə, axırda görəcəksən. Mən də razılaşdım. Həll edib pulu aparıb verdim”.
Baş həkimin danışıqlarından məlum olub ki, məsələ bununla da bitməyib. Növbəti görüşlərə isə daha yüksək “vəzifəli” şəxslər gəlib: “2-3 gün keçəndən sonra Elxan zəng elədi ki, Qubaya gəlirik. Sən də gəl görüşək. Qubaya gedəndə Elxanla 3 nəfər gəlmişdi. Birini general kimi, birini də Prezident Administrasiyasının vəzifəli şəxsi kimi təqdim elədi. Elxan məni çölə çıxardı. Dedi ki, mən sürücü deyiləm. Özünü DTX polkovniki kimi təqdim elədi. Hirsli-hirsli bildirdi ki, Administrasiyadan gələn qonağa vermək üçün 20 min lazımdır. Həm də mənə xəbərdarlıq elədi ki, nəzarətdəsən. Mən də dedim ki, o qədər pulum yoxdur. 5 minə razılaşdıq və Bakıya gələndə də 5 mini verdim. Cəmi 125 min manat nağd pul verdim… “ İttiham olunan şəxslər isə öz ifadələrində deyiblər ki, Mübariz Zeynalov onlara Sumqayıta baş həkim getmək üçün bu qədər pul verib.
Hər necə olsa, məhkəmə başa çatıb və müttəhimlərə hökm oxunub. Lakin maraqlıdır ki, dəstə üzvlərinin doğrudan da yüksək vəzifəli şəxslərdən biri ilə bağlılığı olub. Söhbət sabiq baş prokuror, hazırda Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənovdan gedir. Ötən məhkəmə iclaslarında bu işdə iştirakı olan əsas şəxslərdən biri kimi Ələkbər Həsənovun adı çəkilib. İşdə adı dəfələrlə hallanan, “Nüfuzlu Həsənovlardandır”, “Hörmətli Ələkbər müəllim” kimi təqdim edilən Ələkbər Həsənovun Eldar Həsənovun qardaşı olduğu bildirilir. Onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, məlum olub ki, Ələkbər Həsənov ölkəni tərk edib. Əvvəllər Daxili İşlər Nazirliyində vəzifə tutmuş Ə.Həsənovun sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamenti olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib.
“AzPolitika.info”-nun əldə etdiyi məlumata görə isə, ibtidai istintaqı DTX-nın Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işindəki əsas fiqur, baş həkimə qarşı bu planın əsas təşkilatçısı və icraçısı hesab olunan Elxan Hümbətov da sabiq baş prokurorun yaxın qohumudur. Belə ki, Elxan Hümbətov Eldar Həsənovun doğma bacısı oğludur. Məhz Elxan Hümbətov bu işin əsas təşkilatçısı və cinayətkar dəstənin başçısı hesab olunduğu üçün ən yüksək cəza da ona verilib./azpolitika.info
Sorğu
Yeni dizaynımız necədir?