Baş Prokurorluq jamaz.info xəbər portalının qanunvericiliyi pozduğunu iddia edir
Yanvarın 21-də Baş Prokurorluq jamaz.info xəbər portalının təsisçisi və baş redaktoruna rəsmi xəbərdarlıq edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda iddia edilir ki, jamaz.info xəbər portalında "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələbləri pozulub.
Qurum qeyd edib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın ölüm işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri ictimaiyyətə ətraflı məlumatlar verib.
Baş Prokurorluq hesab edir ki, buna baxmayaraq, saytda sensasiya naminə qərəzli şəkildə, həqiqətə uyğun olmayan və istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən informasiyaların məqsədli şəkildə yayıldığı müəyyən edilib.
Baş Prokurorluq habelə bildirib ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Fikrət Fərəməz oğlu İbişbəyli Baş Prokurorluğa dəvət edilərək xəbərdarlıq edilib.
"Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib," mətbuat xudməti bildiirir.
Jurnalist xəbərdarlıq aldığını təsdiq edib. O deyib ki, xəbərdarlıq Tovuz rayonunda qətlə yetirildiyi bildirilən Nərmin Quliyeva ilə bağlı yazıya görə olub.
Nərmin Quliyeva adlı 10 yaşlı uşaq 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Onun meyiti bir müddət sonra Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Fikrət Fərəməzoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.
Redaktor ittihamı qəbul etmir, iddia edir ki, sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin obyektləri vəzifəli şəxslər himayə edir.
2019-cu il martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə Fikrət Fərəməzoğlu azadlığa buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?