Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat veriblər.
Məlumata görə, İrandan qayıdan 1960 və 1984-cü il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. "Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri sabitdir", operativ qərargahın bəyanatında deyilir.
Operativ qərargah onu da bildirib ki, Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.
Onların 1973, 1997 və 1998-ci il təvəllüdlü olduğu qeyd edilir.
Bununla Azərbaycanda koronavirus infeksiyasına yoluxanların rəsmi sayı 10 nəfərə çatıb.
Türkiyədə ilk yoluxma halı
Bundan başqa Türkiyədə ilk koronavirusa yoluxma halı təsdiqlənib.
Səhiyyə naziri Fahrettin Koca Ankarada koronavirus şübhəsi olan bir şəxsin test nəticəsinin müsbət olduğunu açıqlayıb.
Virusa yoluxan şəxs kişidir. Cənab Koca hazırda xəstənin ümumi vəziyyətinin yaxşı olduğunu deyib.
O bildirib ki, virusa yoluxan şəxs Avropadan qayıdıb.
Səhiyyə naziri vətəndaşlara "lazım olmadıqca xaricə getməyin" də deyib.
Fahrettin Koca xəstənin yaşı və yerləşdiyi şəhər barəsində məlumat verməyib. O bildirib ki, virusa yoluxan şəxsin ailəsi və yaxın ətrafı "nəzarət altındadır."
"Təəssüf ki, insanların ölkədən ölkəyə köçdüyü dünyada bəzi fəsadların qarşısını almaq mümkün deyil," cənab Koca deyib.
Koronovirus Azərbaycanda
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.
Martın 10-da verilən məlumata görə, Azərbaycanda 312 nəfər koronavirus şübhəsiylə saxlandığı karantindən buraxılıb.
Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.
Bundan başqa bəzi imtahanlar təxirə salınıb.
Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?