Cümə axşamı günü Budapeşt-Bakı və İstanbul-Bakı çarter reysləri ilə ümumilikdə 360 Azərbaycan vətəndaşı ölkəyə gətirilib, Azərbaycan Hava Yolları bildirib.
Azərbaycan Hava Yollarının (AZAL) məlumatına görə, martın 19-na keçən gecə Budapeşt-Bakı çarter reysi ilə 123 nəfər, İstanbul-Bakı çarter reysi ilə 237 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub.
Şirkət, həmçinin "Aeroflot" aviaşirkəti ilə razılaşma əsasında Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən çarter reyslərini həyata keçirməyə davam etdiyini bildirib.
"Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib", - AZAL-ın məlumatında deyilir.
Aviaşirkət indiyədək Türkiyədən 1442, İtaliyadan 161, Macarıstandan isə 123 nəfər olmaqla, ümumilikdə 1726 nəfər Azərbaycan vətəndaşını ölkəyə gətirib.
AZAL Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edəcəyini açıqlasa da, qurum Facebook rəsmi hesabında "digər ölkələrdən Azərbaycana çarter reyslərinin təşkil olunub-olunmayacağı" ilə bağlı vətəndaşların suallarına "reyslərin hökümətin sifarişi əsasında yerinə yetirildiyi" cavabını verib.
Fotonun müəllifiGETTY IMAGES Koronavirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
Azərbaycan Prezidentinin rəsmi saytında yayılan məlumata əsasən, müvafiq razılaşma Azərbaycanın dövlət başçısı ilə Türkiyə prezidenti arasında telefon müzakirələrindən sonra əldə olunub.
Bir müddət əvvəl Aərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yerli mətbuata bildirib ki, Martın 15-də isə 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb.
Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədi müvəqqəti dayandırılmasından sonra bazar günü Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.
"Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək", - məlumatda deyilir.
Qərargah bildirib ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.
Martın 17-də Nazirlər Kabinetində koronavirus epidemiyası ilə bağlı vəziyyət və vətəndaşların təxliyəsi məsələlərinin müzakirə edildiyi iclasda Baş nazir Əli Əsədov deyib ki, İtaliya, Türkiyə, Macarıstan və bura yaxın ölkələrdən Azərbaycana qayıdan vətəndaşlar mütləq qaydada karantinə yerləşdiriləcək.
Nazirlər Kabinetinin məlumatında deyilir ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.
Azərbaycanın Türkiyə, Gürcüstan, İtaliya, Fransa, ABŞ, Macarıstan, Polşa, Almaniya, İndoneziya və bir neçə digər ölkələrdəki səfirlikləri bu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək koronavirus və səhayətlə bağlı bütün suallara operativ cavab veriləcəyini bildirib.
Azərbaycanın ABŞ-dakı və İndoneziyadakı Səfirliyi bu ölkədəki konsulluq şöbəsinin fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Rəsmi qurumlara əsasən, indiyədək Azərbaycanda 27 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər ölüb, 11 nəfər sağalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?