Bu gün karantin rejimi ilə bağlı insanlarla ən çox təmasda olan xidmət nümayəndələrindən biri də polislərdir. Mütəxəssislər pandemiya dövründə ara məsafəsinin qorunmasının vacibliyini bildirsə də, hətta Nazirlər Kabineti yanında Operativ Qərargah insanlar arasında 2 metrlik ara məsafə saxlanılması ilə bağlı qərar versə də, polislər həyata keçirdiyi işdən dolayı bu məhdudiyyətə əməl etmir. Təkcə yol polisləri gün ərzində bəlkə də yüzlərlə sürücü ilə təmasda olur, vəsiqələrini yoxlayırlar. Eləcə də, piyadaları yoxlayan polislərimiz həm sənədlərə, eyni zamanda SMS icazələrlə bağlı mobil telefonlara baxmalı olurlar. Bu da öz növbəsində bir şəxsin sənədindən, ya telefonundan digərinə virus ötürülməsi ehtimalı yaradır.
Ona görə də həkimlər, mütəxəssislər həyəcan təbili çalır ki, polislər vətəndaşlarla ara məsafəni gözləməlidir. Onların fikrincə, sənədlər, telefonlar təmas edilmədən yoxlanılmalıdır, bu, həm polisləri, həm də digər vətəndaşları qoruyar. Maraqlıdır, polislərlə vətəndaşların ara məsafəsinin qorunması nə dərəcədə realdır?
GundemXeber.Az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, polis əməkdaşları özləri də olduqları riskin fərqindədirlər:
“Doğurdan da polislərimiz əhalinin sağlamlığının qorunması üçün öz sağlamlığını risk altına atır. Polislərin, hərbi qulluqçuların insanlar arasında olması, onlarla təması, elə həmin şəxslərin özlərinin sağlamlığı üçün təhlükədir. Bunu həm biz, həm də onlar özü də başa düşür. Buna görə də əməkdşlarımız hər gün xidmətə çıxmamışdan əvvəl təlimatlandırılır, tibbi maska, əlcək və tibbi mayelərlə təmin olunurlar. Hər 2-3 saatdan bir onların maska və əlcəyi dəyişdirilir. Eyni zamanda, polis əməkdaşları çalışırlar ki, sürücülərlə, yaxud da ki, piyadalarla ara məsafəni qorusunlar. Amma bəzən elə olur ki, xidməti zərurətlə əlaqədar ara məsafəsi pozulmalı olur”.
Polis polkovniki deyir ki, bəzi sənədləri məsafə qoyaraq yoxlamaq olmur:
“Düzdür təmas olmadan, ara məsafədən sənədlər yoxlanıla bilər. Amma bəzi sənədləri bu şəkildə, kənardan yoxlamaq olmur. Məsələn, bir də görürsən ki, ya piyada, ya da sürücü şübhəli, saxta sənəd təqdim edir. Dünən də, bu gün də özünüz də gördünüz ki, insanlarda nə qədər saxta sənəd aşkar olunub. Yaxud da ki, küçədə gəzən vətəndaşın telefonuna polis baxmalıdır. Belə olan halda ara məsafəni gözləmək mümkün deyil. Amma yenə də əməkdaşlarımız təlimatlandırılıblar və qoruyucu vastisə ilə təmin olunublar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?