Aprelin 20-da Azərbaycanda koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
GundemXeber.Az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatdan görünən odur ki, koronavirus infeksiyasından ölüm faktı bu gün qeydə alınmayıb.
Açıqlamada deyilir ki, hazırkı dövrədək Azərbaycanda 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Müşahidələr göstərir ki, son günlər ölkədə virusa yoluxma hallarında kəskin eniş qeydə alınır, sağalma halları isə sürətlə artmaqdadır.
Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.
65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.
Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.
Karantin rejimi Azərbaycanda mayın 4-dək uzadılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?