Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı, DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Mahir Quliyevin sərhədsiz iştahı ilə bağlı çoxsaylı faktlar üzə çıxmaqdadır.
Gundemxeber.Az Real Tv-yə istinadla xəbər verir ki, DTX-nın araşdırmaları nəticəsində Mahir Quliyevin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə İcra Hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırması aydın olub.
Amma bunlar son deyil. Biləsuvarda yüzlərlə sakin torpaq sahələrinin sabiq icra başçısı tərəfindən əlindən alındığını, özünün, eləcə də əlaltılarının istifadəsinə verdiyini iddia edir. Kəndlilərin tək torpaqları yox, iri və xırda buynuzlu mal-qarası da əlindən alınıb. İllərlə ailələrin xərc çəkib əkinə yararlı səviyyəyə çatdırdığı, əkib-becərdiyi torpaq sahələri bir günün içərisində başqasının istismarına verilib.
Ac gözü doymayan Mahir Quliyev Biləsuvarda yaradılmış Heydər Əliyev parkını da zəbt etməyə başlayıb. Park addım-addım icra başçısı və adamları tərəfindən özününküləşdirilib. Əvvəlcə parkda icra başçısı tərəfindən çayxana inşa edilib. Parkın özü isə baxımsız vəziyyətdə qalıb, heç bir qulluq göstərilməyib. Bunun ardınca Heydər Əliyevin parkdakı abidəsi orada götürülüb və 26 kilometr uzağa – Səmədabad kəndinə köçürülüb. Daha sonra heykəlin əvvəlki yerinin arxa tərəfində yeni restoranın inşasına başlanılıb. Hazırda tikinti işləri yarımçıq qalan restoranın yaya qədər istifadəyə veriləcəyi gözlənilirdi. Amma Mahir Quliyevin əməllərinin üstünün açılması bu planın həyata keçməsinə mane oldu.
Biləsuvarlılar gözü heç vaxt doymayan icra başçısının həbsindən sonra ümidlənməyə başlayıblar. Onlar inanırlar ki, ölkədə həyata keçirilən islahatlar çərçivəsində Biləsuvarın da üzü güləcək. Prezident İlham Əliyevin yeni baş prokuroru videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər isə , Mahir Quliyevin ilhaqından əziyyət çəkən sakinlərə yeni ümid verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti son aylar ərzində bir neçə əməliyyat keçirib, Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?