Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.
Bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər. Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sənişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaratmışlar. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılmış, barələrində müvafiq tədbirlər görülmüşdür. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?