Milyonların taleyi araşdırılan məhkəmə iclası sona çatdı.
Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Ə.Zeynalova 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Xatırladaq ki, prokuror da Emin Zeynalovun törətdiyi əmələ görə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məhkəmədə məlum olub ki, Emin Zeynalov istintaq orqanının müəyyən etdiyi 41 milyon manat zərərdən 5 milyon manatdan artığını ödəyib. Məhkəmə Emin Zeynalovun məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə də qərar çıxarıb.
Emin Zeynalov məhkəmədəki ifadəsində həbs edilənə qədər ölkədə valyuta bazarına nəzarət etdiyini deyib. Belə ki, onun müəyyən etdiyi məzənnə ilə dollar və digər xarici valyutalar satışa çıxarılırmış.
Bankir “Günay Bank”dan 100 yox, 3 milyon manat mənimsəyib ...
Emin Zeynalov əlavə edib ki, onun özünün də bir neçə valyuta dəyişmə məntəqələri olub. Həmin məntəqələr bankların müxtəlif filiallarında imiş.
Emin Zeynalov ifadəsində deyib ki, hətta bankların bir neçəsi xarici valyutanı ondan alıb-satırmış. Zeynalov bildirib ki, ölkədə ən ucuz qiymətə dollar və digər xarici valyuta satan şəxs olub:
"Valyuta bazarında hamı məni tanıyırdı. Böyük əməliyyatları mən aparırdım. Elə gün olurdu ki, "Günaybank"a bir əməliyyatla 450 min dollar xeyir vermişəm. Hər gün səhər heç kim əməliyyata başlamırdı. Məzənnəni mən müəyyən edirdim. Bundan sonra xarici valyuta satışa çıxarılırdı"- deyə Emin Zeynalov bildirib.
İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.
İş üzrə zərərçəkmiş şəxslərin sayı 20-dir. Ümumi zərər 41 milyon manatdır. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların yaxınları da var. Məhkəmə proseslərində təqsirləndirilən tərəf bildirir ki, bütün bu baş verənlər "Günaybank" rəhbəri Mahmud Məmmədovun sifarişləridir. Təqsirləndirilən tərəf Mahmud Məmmədovun həm ibtidai istintaqa, həm də məhəkəmə istintaqına təsir etdiyini bildirir.
Onu da qeyd edək ki, ötən proseslərdə şahidlərdən Turxan Əliyev ifadə vermişdi. O, Emin Zeynalovun işçisi olduğunu demişdi. Bildirmişdi ki, bu hadisələrdən sonra iki mənzili və iki evi əlindən alınıb. O, təzyiqlərdən sonra mənzillərini Mahmud Məmmədovun mühafizəçisinin adına keçirib. Maşınlarını da onların göndərdiyi alverçiyə verib./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?