16 il ərzində Xarici İşlər Naziri kimi təmsil etdiyi dövlətin dilini bilməyən (ən azından etika xatirinə bunu etməliydi), dilimiz kimi xarici siyasətimizin də anasını ağlar qoyan və nəhayətdə ölkədə hərbi əməliyyatların getdiyi,faktiki müharibə təhlükəsinin yaşandığı bir dövrdə evdən işləyən Elmar Məmmədyarov bir neçə saat əvvəl vəzifədən xaric edildi.
Nyu-Yorkda 4 milyonluq villaları ilə daha çox xatırlanacaq eks nazir sələfinə heç də xoş olmayan bir reputasiya qoyub. Prezidentin fərmanı ilə Təhsil naziri Ceyhun Bayramov bundan sonra Məmmədyarovun bərbad günə qoyduğu xarici siyasətimizi səhmana salacaq. İnanmaq istərdik,çünki, cənab Bayramov Təhsil naziri kimi üzərinə düşən vəzifələri heç də yerinə yetirə bilmədi. Ceyhun müəllim də öz sələfinə heç də Məmmədyarovdan az problemlər buraxmayıb. Yeni nazirin öz dilimizdə səlis və rəvan danışıq qabiliyyəti inanırıq ki, ölkəmizin xarici siyasətində də öz əksini tapacaq, təhsil sahəsində buraxdığı səhvləri isə yəqin ki, yeni nazir düzəltməyə çalışacaq.
Təzə nazir demişkən, Rubrika.az saytına daxil olan məlumatlara görə C.Bayramov kabinetini tərk etməmiş onun kreslosu uğrunda əməlli-başlı mücadilə başlayıb. Bu barədə saytımız əvvəllər də məlumatlar vermişdi. C.Bayramovla nazirlikdə “mehriban düşmən” kimi rəftar edən nazirin müavini Məhəbbət Vəliyeva artıq bütün resurslarını nazir olmaq üçün işə salıb. Təhsil sferasında heç də müsbət imicə malik olmayan,daha çox “qızıl saat” hadisəsi ilə xatırlanan Məhəbbət xanım çoxdan arzusunda olduğu posta yiyələnmək iddiasındadır.
Xatırladaq ki, Bakı şəhər Təhsil İdarəsini də öz nəzarətində saxlamağı bacaran M.Vəliyeva bütün təhsil sektoruna nəzarət etmək istəyir. Aldığımız məlumata görə, BŞTİ-nin müavini İlhamə Abdullayeva ilə olan iş birliyi nəticəsində böyük paralar qazanan M.Vəliyevaya birinci siniflərə son qəbul, eləcə də müəllimlərin yerdəyişməsi, işə qəbulu prosesindən 400 min manatdan çox pay çatdığı iddia edilir. Pandemiyanın ölkəni iflic vəziyyətə saldığı, camaatın 190 manat almaq üçün çalışdığı bir zamanda pis məbləğ deyil. Belə vaxtda bu qədər qazanan birisinin nazir olmaq iddiası təbiidir.
Paytaxtın təhsil ocaqlarının M.Vəliyevadan nələr çəkdiyini bir onlar bilir, bir də xanımın özü. İnanırıq ki, Bakı məktəblərinin yaşadığı zülmü bütün ölkə məktəbləri yaşamayacaq! /Rubrika.Az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?