Ekspert: “İnsanların gigiyenik qaydalara, sosial məsafə tələblərinə riayət etməklə qurban kəsmələri nəcib bir əməldir”
Dünya və Azərbaycan müsəlmanları Qurban bayramını ilk dəfə pandemiya şəraitində qeyd edir. Koronavirus infeksiyası səbəbindən bu il bayram müəyyən qaydalar çərçivəsində keçiriləcək.
Bəzi islam ölkələrində bayram namazları qılınsa da, Azərbaycanda sərt karantin rejimi bitmədiyinə görə bu ritual da məscidlərdə həyata keçirilməyəcək.
Eyni zamanda, qurban kəsimi olan məntəqələrdə insanların sıx toplaşmasına icazə verilməyəcək, gigiyenik qaydalara riayət olunmaqla qurbanlar kəsiləcək, paylanacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə fətva verilməməsinə aydınlıq gətirib. O, pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə, təxirə salındığını deyib.
DİN Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) də Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Bildirilib ki, pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az). “MediaPost” həmin portalda satılacaq qurbanlıq qoyunların qiymətini araşdırıb. Bu portalda müştəriyə 3 çəki növündə qurbanlıq qoyunlar təqdim olunur. Birinci paketdə 27-30 kq-lıq qoyunlar təqdim olunur ki, burada kəsildikdən sonra minimum 12 kq ət əldə etmək mümkündür. İkinci paketdə satılan qoyunların çəkisi 30-33 kq arası dəyişir. Buradan da xalis 13 kq ət əldə etmək mümkün olacaq.
Sonuncu 3-cü paketdə isə 34 kq və ondan artıq çəkidə olan qoyunlar satılır ki, buradan da minimum 14 kq ət əldə etmək mümkündür.
Portalda kəsilmiş qurbanlığın dəyəri hər kq üçün 11,5 AZN-dən hesablanacaq. Müstərilər siafriş verəndən sonra onlayn şəkildə 20 AZN ilkin ödəniş edəcək. Ümumi məbləğdən ilkin ödənilmiş məbləğ çıxılacaq, geri qalan hissə yerində nağd şəkildə ödəniləcək.
Beləliklə, birinci paketdə bir qurbanlıq qoyun müştəriyə minimum 138 manata, ikinci paketdə 149,5 manata və üçüncü paketdə 161 manata başa gələcək.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, pandemiya şəraitində insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələri, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etmək məqsədilə küçə və yol kənarlarında, parklarda və digər ictimai yerlərdə, xüsusi risk yaradan sanitariya və gigiyena tələblərinə uyğun olmayan ərazilərdə heyvan kəsiminin həyata keçirilməsi məqsədəuygun deyildir: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi baytarlıq nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirlərini ardıcıl olaraq davam etdirəcək, bayramın sağlam və təhlükəsiz şəraitdə qeyd olunmasını təmin etmək üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirləri həyata keçirəcəkdir”.
Hacı İlqar İbrahimoğlu yazır:
İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu pandemiya şəraitində qeyd olunacaq Qurban bayramı ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavab olaraq söylədi ki, bir çox müsəlman ölkələrində sosial izolyasiya və digər qaydalar gözlənilməklə bayram namazı qılınacaq:
“Çox təəssüf ki, vətənimizdə sərt karantin rejimi davam edir və birgə yaşamaq halına hələ ki keçid olunmayıb. Ona görə əfsuslar olsun ki, bizdə bayram namazı qılınmayacaq”. İ.İbrahimoğlunun sözlərinə görə, Türkiyədə Ayasofiya məscidinin açılışında karantin qaydalarına riayət olunmaqla, sosial məsafə saxlanılmaqla namaz qılındı: “Amma Azərbaycanda bayram namazı qılmağa şərait yaranmadı. Fikrimcə, bu, tək Qurban bayramı ilə əlaqədar deyil, ümumiyyətlə, sərt karantinlə bağlıdır. Amma bu situasiyanı bayram günü istisna etmək olardı. Hər halda ümid edirəm ki, tezliklə sərt karantin rejimi başa çatacaq, məscidlərdə rahat və birgə ibadət bərpa olunacaq”.
Bu şəraitdə bayramın necə keçirilməsinə gəlincə, Hacı İlqar xatırlatdı ki, hətta sovet dövründə belə insanlar qurban kəsmək kimi böyük mənəvi borcu əldən vermirdi: “Əminəm ki, indi də bu savab işi əldən verməyəcəklər. Hər nə qədər COVİD-19 epidemiyası səbəbindən irəli gələn vəziyyət yaransa da, insanların gigiyenik qaydalara, sosial məsafə gözləmək tələblərinə riayət etməklə qurbanlarını kəsmələri nəcib bir əməldir. Nəzərə almaq lazımdır ki, aylardır davam edən pandemiya səbəbindən xeyli sayda günəmuzd işsiz-gücsüz qalıb, sosial yardımların paylanmasında nəticələr qənaətbəxş olmadı. Bu mənada Qurban bayramı bir paylaşma, imkansızların yanında olmaq fürsətidir”.
İ.İbrahimoğlu karantində işsiz qalan, dükanlarda nisyə dəftərlərində adı olan vətəndaşların borcunun qurban kəsmək əvəzinə bayram günü imkanlı adamlar tərəfindən silinməsi təklifini belə şərh etdi: “Sizin qeyd etdiyiniz məsələni təkcə Qurban bayramında deyil, ilboyu həyata keçimək olar. İstər pandemiya olsun, istər adi vaxt...Yəni, imkanlı adamlar Novruzda, Ramazan ayında da, adi günlərdə də kasıb ailələrə bu cür köməklik göstərə bilər. Amma qurban kəsməyi bununla əvəzləmək məsələnin mahiyyətindən kənar olar. Bu, ona bənzəyir ki, bir adam bir neçə yaxşı əməl edir, amma ona deyilir ki, bu yaxşı əməli yox, o biri yaxşı işi gör. Hər kəsin özəl, mənəvi seçimi var. Qurban kəsib kasıb ailəyə çatdırmaqla birbaşa yardımlaşma olur. Ona görə də Qurban bayramı maksimal dərəcədə yaşanmalıdır. İmkansız adamlara imkanı çatan imanlı şəxslər onsuz da kömək olurlar. Bütün bunlar mənəvi borcdur, necə ki, namaz qılmaqla Allaha yaxınlaşırsan, qurban kəsmək də Allaha yaxınlaşmaqdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?