TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi brifinqdə növbəti dönəmdə çimərliklərin, məktəblərin və Bakıdan rayonlara gediş-gəlişin açılması məsələsinə toxunulub.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, məktəblərin açılması Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyası ilə müzakirə olunub: "Biz bundan öncə bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirə etmişik. Məktəblərin və uşaq bağçalarının nə vaxt açılması müzakirə olunub. Vətəndaşlarımız üçün, ölkəmiz üçün ən doğru qərar hansıdırsa, o qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".
Hande Harmancı bildirib ki, rayonlara gediş-gəlişin, məktəblərin, çimərliklərin açılması barədə qərarlar sübutlara söykənir: "Məsələn, bir qrup insan Bakıdan virusun olmadığı rayona gedib və orada infeksiyasının yayılmasına səbəb olub. Bunun kimi hadisələr nümunə kimi rayonlara gedişin yoluxmaları artıracağı kimi qəbul olunur. Hər belə hadisə Operativ Qərargahın qəbul edəcəyi qərarlara təsir edir. Bütün qərarlar bu hadisələrə, rəqəmlərə, statistikaya əsaslanır. Bütün qərarlar yoluxmanın azalması, koronavirusdan ölənlərin sayının azalması üçün verilir. Bu isti günlərdə hər kəs kimi bu qərarları verən insanlar da çölə çıxıb gözəl havadan faydalanmaq istəyirlər.
Mən vətəndaşlara müraciət edirəm ki, hökumətə, rəsmi mənbələrə inanın, qaydalara əməl edin ki, qış aylarında daha az yoluxma ilə qarşılaşaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?