Sirr deyil ki, 2016-nın aprelində yaşanan dördgünlük müharibə Azərbaycan ordusunun gücü haqda təsəvvürləri önəmli dərəcədə dəyişmişdi; ilk növbədə düşmənin mifləşdirilmiş “Ohanyan xətti” darmadağın edilmişdi, ikincisi, xalq öz ordusuna inanmağa başlamışdı. Ötən əsrin 90-ci illərində Qarabağ cəbhəsində üzləşdiyimiz acı məğlubiyyətlərin bütöv bir nəslin üzərinə, beyninə, psixologiyasına çökən qaramatı da yavaş-yavaş çəkilməkdə idi. Məhz o aprel günlərindən sonra ictimaiyyət arasında bu işi müharibə yolu ilə bitirməyin zəruriliyinə inam artdı. Təbii, bütün dövrlər və bütün döyüş əməliyyatları üçün aktual olan pasifist ruhlu çıxışlar, “bir təpəyə görə o qədər qurban verməyə dəyərdimi” tipli gileylənmələr də öz yerində...
Mənə elə gəlir ki, ötən ay Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamatində baş verənlər 2016-nın davamı olmaqla yanaşı, milli ruhu, özünəinamı oyatmaq, xalqı yumruq kimi birləşdirmək baxımından daha həlledici rola malikdi. Sözün bütün mənalarında böyük, çox böyük general itirdik. İyulun 14-də vətənə qurban gedən Polad Həşimovun işıqlı obrazı, parlaq xatirəsi ilə bağlı çox danışmaq olar. Bu artıq yazıçı-şairlərin, kinematoqrafların işidi. General öldü – faktdı, ana Vətən böyük bir sərkərdə itirdi. Amma bu ölüm həm də o gündən sonra dünyaya gələn yüzlərlə azərbaycanlının Polad adını daşımasına, xalqın orduya inamının daha da artmasına, qisas hissinin güclənməsinə yol açdı.
Elə iyulun 14-də Bakı və Sumqayıtın küçələrində yaşanan qələbəlik də... generalın əməyidi. Sadəcə, bu ölüm xalqın səbr kasasını daşıran son damla oldu. Adamlar haqlı olaraq generalın intiqamının alınmasını istəyirdi. Həmin gün paytaxtın küçələrindəki, Milli Məclis ətrafındakı fəallığı jurnalist-iştirakçı marağı ilə bir neçə saat izləyən şəxs kimi deyə bilərəm ki, ən azı gecə saat 2-yə kimi heç bir pis niyyət, təxribat elementləri yox idi. Əksinə, polis və başqa güc strukturlarının əməkdaşları aksiya iştirakçılarına loyal münasibət göstərir, onlarla mülayim davranırdı. Həmin rasional enerjini sakitləşdirmək, düzgün axara yönəltmək üçün bir yol var idi: tanınan, nüfuzlu, hamının birmənalı şəkildə qəbul etdiyi ziyalılar xalqın önünə çıxıb, sonrakı fəaliyyət istiqamətlərini açıqlamalıydılar. Təəssüf ki, bu olmadı. Heç nədən qanqaracılıq yarandı, xoş ovqatda keçən aksiya zorakılıq və həbslər ilə bitdi.
Başqa bir ciddi səhv isə telekanalların etiraz-dəstək aksiyasına laqeydliyi, bu hadisədən ictimai rəyi dünyaya çatdırmaq imkanı kimi yararlanmaq əvəzinə, meydanı internet TV-yə və bir neçə bloqerə buraxması idi. Həmin gün mənim üçün aydın olan daha bir həqiqət var: iqtidar bu aksiyanı təşkil etməsə də belə, əleyhinə də deyildi. Daha doğrusu, iqtidarın hədəfi Azərbaycan xalqının torpaq itkisi ilə barışmayacağını dünyaya göstərmək, həm də bir növ ictimai rəyi yoxlamaq idi ki, bu mənada maraqlar üst-üstə düşürdü.
...Və yenə general haqda. Mərhum general ölümü ilə Azərbaycan cəmiyyəti üçün xarakterik olan “döyüşdə ancaq kasıb-kusub uşağı, əsgərlər ölür” nağılının da axırına çıxdı. Həşimov istəsəydi, qulluğu dara rahat şəraitdə davam etdirər, çox güman, zamanla general-leytenant, hətta general-polkovnik rütbəsinə də yüksələrdi. Amma o, şərəfli, səngərdə tuş gəldiyi ölümlə 45 illik ömrün son, özü də mənalı akkordlarını vurdu. Ölümü ilə ermənilərə də, bizimkilərə də dərs verdi. Heç vaxt unudulmayacaq dərs!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?