Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, 2 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.
Karantin rejimi yumşaldılıb
Nazirlər Kabineti avqustun 10-dan sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.
Qərarda deyilir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində avqustun 10-dan etibarən aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:
Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi, qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti, maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, sair nəqliyyat vasitələrinin istehsalı, poliqrafiya məhsullarının istehsalı, zərgərlik məmulatlarının istehsalı, musiqi alətləri, idman mallarının istehsalı, geyim istehsalı, toxuculuq sənayesi, ayaqqabıların istehsalı, dəri və dəri məmulatlarının istehsalı, tütün məmulatlarının istehsalı, sair sənaye məhsullarının istehsalı.
Bundan başqa bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilir:
Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları, tərcümə xidmətləri.
Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə deyib ki, avqustun 17-dən kafe, restoran və digər iaşə obyektlərinin yenidən işə başlaması imkanları öyrənilir.
“İctimai iaşə obyektlərinin açıq havada fəaliyyəti avqustun 17-dən bərpa oluna bilər, avqustun 24-dən isə ölkə regionlarına getmək üçün icazə verilib,” o deyib.
Mövsümov qeyd edib ki, bu məsələlər üzrə qərarların qəbul edilməsi epidemioloji vəziyyətdən asılı olacaq.
COVID-19 haqqında qısa məlumat
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.
Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.
Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.
Avqustun 5-dən SMS icazə sistemi yenidən ləğv edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?