Vaşinqton Universitetinin Səhiyyə Göstəriciləri və Qiymətləndirmə İnstitutunun (IHME) son modelinə əsasən, ABŞ-da COVID-19 xəstəliyi səbəbi ilə yanvarın 1-nə qədər ölənlərin sayı 410 000-dən çox ola bilər.
Cons Hopkins Universitetinə əsasən, Birləşmiş Ştatlarda COVID-19 nəticəsində ölənlərin ümumi sayı 188 500-dən artıq, yoluxmaların sayı isə 6 200 000-dən çoxdur.
Əgər Vaşinqton Universitetinin Səhiyyə institutunun cümə günü açıqladığı rəqəmlər düzdürsə, bu, növbəti üç ay yarım ərzində təxminən 222 000 ölüm halı deməkdir.
“Biz Birləşmiş Ştatlarda mövsüm və insanlarda sayıqlığın azalması səbəbi ilə ölüm hallarının dekabr ayında gündə 3000-nə çatacağını gözləyirik”, özünü müstəqil tədqiqat mərkəzi kimi təqdim edən institut bildirib.
Bundan öncə Səhiyyə institutu dekabrın 1-nə qədər ölüm hallarının sayının 317 697 olacağını proqnozlaşdırmışdı.
Bununla belə institutun tədqiqatçıları maskalardan universal qaydada istifadə edildiyi halda proqnozlaşdırılan 222 000 ölüm hallarının yarıya endirilə biləcəyini bildirirlər. Lakin onların bildirdiyinə görə, məhdudiyyətlər yüngülləşdirilsə, Yeni il gününə qədər bu rəqəm daha yüksək ola bilər.
IHME modeli COVİD-19 ilə əlaqədar ölüm halları ilə bağlı proqnozlarda isifadə edilən 35 modeldən biridir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin cümə axşamı açıqladığı rəqəmlərə əsasən, sentyabrın 26-na qədər ABŞ-da ölüm hallarının sayının 211 000-nə çatacağı proqnozlaşdırılır.
Dünya üzrə proqnozlaşdırılan rəqəmlər isə daha ciddidir. İnstitut yanvarın 1-nə qədər dünya üzrə ölüm hallarının üç dəfə artaraq, 2.8 milyona çata biləcəyini proqnozlaşdırır.
Cons Hopkins Universitetinin məlumatına əsasən, dünyada COVID-19-a təxminən 27 milyon yoluxma halı qeydə alınıb, 879 000-dən çox insan xəstəlik nəticəsində həyatını itirib.
Sorğu
Yeni dizaynımız necədir?