Sentyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulan vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisənin baş vermə səbəb və mexanizminin, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?