GundemXeber.Az bildirir ki, Azərbaycanın şəhid Milli Qəhrəmanı Tofiq Hüseynovun azyaşlı nəvəsi Azərbaycan Silahlı Qüvvələrinə maddi dəstək göstərib.
Bu barədə sosial şəbəkələrdə ASAN Xidmət əməkdaşlarının paylaşımı yayılıb. Şəhid babasının adını daşıyan 12 yaşlı Tofiq Hüseynov ailə üzvlərindən xəbərsiz ASAN Xidmət-in "Əsgərə məktub” layihəsinə və Silahlı Qüvvələrə Yardım Fonduna ianə kampaniyasına qoşulub. Məktəblinin dediyinə görə, bir neçə ay imiş ki, şəxsi kassa düzəldib və kassaya yalnız 50 qəpiklik yığırmış. Məqsədi yığdığı pulla özünə fotoaparat almaq olub. Amma sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribat törətməsi, Azərbaycan Ordusunun əks-həmlə hücumuna başlaması onun da fikrindən daşınmasına səbəb olub. Belə ki, 12 yaşlı igid fotoaparat almaq üçün yığdığı pulunu cəbhədə torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizə kömək üçün göndərmək niyyətinə düşüb. Elə bu fikirlə məktəbə gedərkən, qəpik kassasını da özü ilə götürüb və 5 saylı ASAN Xidmət mərkəzinə yaxınlaşıb. ASAN Xidmət əməkdaşlarının köməyi ilə yığdığı pulu hesablayıb və 103 manat 50 qəpik məbləğində ödənişi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Balaca qəhrəman ASAN Xidmət əməkdaşlarına “pulumun hamısını əsgərlərə göndərəcəm ki, onların üşüməməsi üçün isti əlcək və corab alınsın” – deyərək hər kəsin gözlərinin yaşardıb. Tofiq Hüseynov adını daşıyan balaca qəhrəman babasını heç vaxt görmədiyini, Xocalıya gedərək, babasının və nənəsinin qoxusunu o torpaqlardan almaq istədiyini də söyləyib.
Milli Qəhrəmanın nəvəsinin bu addımı sosial şəbəkələrdə və cəmiyyətdə böyük təqdirlə qarşılanıb, xoş duyğulara səbəb olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?