Vətənə sevginin, cəsarətin nümunəsidir, bu bir tək cümlə. Ölümü gözə almaq, vətən, torpaq uğrunda şəhidliyə hazır olmaq hər kişinin işi deyil, ər igidin işidir. Şəhid Elvin İslamovdan qalan tək və yeganə səs yazısıdır. Savaşdan az əvvəl dostuna göndərib: “Şəhid olmağa gedirəm, qardaş!” deyib. O, bir Qazi övladı idi. Atası Elçin İslamov birinci Qarabağ savaşında tarix yazanların sırasında olmuşdu. Atasının vətənpərvərlik yolunu Şəhadəti ilə tamamladı Elvin. Ölümü ilə ölümsüzliyə qovuşdu. Elvin 1995-ci ildə Yasamal rayonu Xaqan Dadaşov küçəsi 23 nömrəli evdə dünyaya gəlmişdi, 158 nömrəli tam orta məktəbi bitirmişdi. 2013-2015- ci illərdə Silahlı Qüvvələrin Xüsusi Təyinatlılar bölümündə Kəşfiyyatçı kimi hərbi xidmət keçmişdi. Bakı şəhəri Bulvar İdarəsində çalışırdı. Aprel hadisələrindən sonra özünə yer tapmırdı. “Müharibə başlayan kimi könüllü olaraq gedəcəm” deyirdi. Tovuz hadisələrindən sonra isə intiqam hissi ilə yaşayırdı. “Polad Həşimov kimi igidlərin qanı yerdə qala bilməz, torpaqlarımızı yağıların tapdağından xilas etməliyik. axırıncı nəfərimiz Şəhid olsa da, savaşa qalxmalıyıq” deyirdi. 2020-ci il sentyabrın 21-də Yasamal rayon Hərbi Komissarlığından çağırış vərəqi gələndə anası Sevinc xanıma, atası Elçin bəyə tək bir cümlə söyləyib: “Vətən bizimdir, onu biz qorumalıyıq, lazım gəlsə Şəhid olmalıyıq!”
Səhərisi gün çağırış məntəqəsinə yollanıb. Gizir rütbəsi ilə Xüsusi Təyinatlıların Həmlə qurupunda öz yerini alıb. Şiddətli döyüşlərin ilk günündən – sentyabrın 27-dən oktyabrın 7-dək Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə sinəsini düşmənə sipər edib. Son döyüşü Füzuli rayonunun Qorqan kəndində olub, yağı düşmənlə ölüm-dirim savaşında silahdaşları ilə mühasirəyə düşüb. 23gün sonra oktyabrın 29-da cənazəsi Bakıya gətirilib, səhərisi gün torpağa tapşırılıb. Bakının Qaradağ rayonunda bir dərə var - Qurt Dərəsi bayrağı ciyninə alıb səngərə gedən,Vətənin ciynində gələn Şəhidimiz Yasamal rayonunun Şəhidləri ilə birlikdə orada haqqa qovuşub. Ondan doğmalarına bir dünya kədər, Şəhid müqəddəsliyi, bir də bükülüb gəldiyi Bayraq qaldı. Vətən vətən deməklə, Vətən olmur,onu sevməklə,yolunda ölməklə,ölümsüzlüyə qovuşmaqla Vətən olur! Dekabrın 8-i Elvinin doğmaları ilə əbədi həsrətinin 40-cı günüdür!
Aylar, illər keçəcək, Elvinin doğmaları, yaxınları yaşa dolacaq, gəlib gedəcək tək bir şey əbədi qalacaq: o da, “Şəhid olmağa gedirəm, qardaş!” nidası ilə tarix yaradan Elvin Elçin oğlu İslamovun Vətən sevgisi! Adına çox abidələr ucaldılacaq, amma özünün ucaltdığı abidədən olmayacaq: Şəhid Elvin İslamov!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?