Üçtərəfli bəyanat nə verdi; “Azərbaycan həm hərbi, həm də siyasi qələbə çalmaqla yanaşı, Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirdi”
Bu gün Vətən müharibəsinin başa çatmasından 1 ay keçir. 27 sentyabrda işğalçı Ermənistanın Azərbaycana yenidən təcavüz etməsinə cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu sülhəməcburetmə əməliyyatları keçirdi. Tarixdə bənzəri olmayan hərbi əməliyyatlar keçirildi. Noyabrın 8-dək olan qısa müddətdə müzəffər Azərbaycan Ordusu erməni işğal altındakı Cəbrayıl, Füzuli, Zəngilan Qubadlı rayonlarını, Şuşanı, Tərtər rayonun işğalda olan kəndlərini, Xocavənd rayonunun əhəmiyyətli hissəsini azad etdi. Şuşanın azad edilməsindən sonra noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli bəyanat imzaladılar. 9 bənddən ibarət bəyanat hərbi əməliyyatların dayandırılması ilə nəticələndi. Eyni zamanda bəyanatdakı razılaşmaya görə Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltdı və rayonlar bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”
Politoloq Məhəmməd Əsədullazdə bildirdi ki, 10 noyabrda Azərbaycan Ermənistan üzərində tarixi qələbə qazandı. 10 noyabrda üçtərəfli bəyannamə məhz Ermənistanin kapitulyasiyası idi. Konkret olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Artıq Ermənistan və Azərbaycan arasında dövlət sərhədi nəzarətimizdədir və hərbçilər sərhəddə bir qarış da torpaq güzəştə getmir. Bu, Azərbaycanın 30 ildən sonra 44 gün ərzində əldə etdiyi nailiyyətlərdir: “Ermənistan rəhbərliyi də sərhəddə baş verənləri qəbul edib. Hətta sərhədin cəbhə xətti olmayacağı mesajını Paşinyan verdi. Azərbaycan bu bəyannamə ilə həm hərbi, həm də siyasi qələbə çalmaqla yanaşı, Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirdi. Türkiyə ilə birgə hərbi koordinasiyalı fəaliyyət göstərəcək. Məhz Türkiyənin bundan sonra hərbi qüvvələri Qarabağda olacaq. Bundan əlavə, Naxçıvana dəhliz əldə edildi. Hesab edirəm ki, Azərbaycan məlum bəyannamədə strateji üstünlüyü ələ aldı. Məsələnin digər tərəfinə gəldikdə, Xankəndi, Xocavənd və Ağdərədə Rusiyanın sülhməramli qüvvələri yerləşsə də növbəti mərhələdə bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa ediləcək. Məhz bu kontekstdə siyasi mərhələ başlayacaq və Azərbaycan buna da nail olacaq. Artıq Ermənistanın əlində bundan sonra heç bir təzyiq vasitəsi qalmayıb. Azərbaycan bəzi məsələləri Rusiya ilə həll etməlidir. İlk növbədə adını çəkdiyim ərazilərdə erməni hərbi birləşmələri qalmaqdadır. Bunu Rusiya həll etməlidir və həmin silahlı birləşmə çıxarılmalıdır. Ümumiyyətlə, regionda yeni bir dizayn qurulur və düşünürəm ki, Türkiyə-Azərbaycan ortaq müttəfiqliyi ölkəmizə hər hansı bir təzyiqi neytrallaşdıracaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?