Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün evə buraxılacaqlar. Artıq Dilqəm Əsgərov evə yola salınıb. Bu barədə Azvision.az -a onun ailə üzvləri məlumat verib.
Girovluqdan xilas olunan Şahbaz Quliyev də yaxın dəqiqələrdə ailəsinə qovuşacaq. Məlumatı bacısı İradə Quliyeva saytımıza təsdiqləyib.
Əsgər Bayram Kərimovun atası isə oğlunun saat 2-də evə gələcəyini deyib: "Bayram bizimlə əlaqə saxladı. Dedi ki, saat 2-də bizi buraxacaqlar. Oğlumun qayınatası Bakıda yaşayır, onu qarşılayıb bizə gətirəcək”.
Əsirlikdən azad edilən Amin Musayev də gün ərzində ailəsinin yanında olacaq. Onun dayısı Sənan Sadıqov deyib: "Amin və digərlərini evə buraxırlar. Hazırda yoldayam, onu qarşılamağa gedirəm. Evdə anası, hər kəs onun yolunu səbirsizliklə gözləyir".
Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər.
Bundan əlavə, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.
Onlar müvafiq karantin tədbirləri ilə əlaqədar nəzarətə götürülüblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?