Pediatr Aytən İsmayılzadə sosial şəbəkələrdə uşaqların COVID-19-a kütləvi yoluxması və modul tipli xəstəxanalarda çarpayıların hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılmış səs yazısı nəticəsində yaranmış fikirlərə münasibət bildirib.
Bu barədə o feysbuk hesabında məlumat verib. Pediatr bildirib ki, bəzi modul tipli xəstəxanalarda uşaqlar üçün çarpayılar hazırlanır: “Bəli, bu doğrudur ki, bəzi modul tipli xəstəxanalarda uşaqlar üçün çarpayılar hazırlanır. Amma bu Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanası (Zığ modul) üçün deyilib. Bu arada bir məqamı deyim ki, onsuz da bugünə kimi uşaqlar üçün xəstəxanalarımız olub. Sadəcə məhz bu modul bir az da uşaq pasiyentlərdən qazanmaq üçün yerlər hazırlayır. Yəni, bu məqam sizi təşvişə salmasın. O da doğrudur ki üçüncü dalğanın sahibi mutant virus uşaqları yoluxdurmaq üçün xüsusi reseptora ehtiyac duymayacaq və daha çox uşaqları yoluxduracaq. Artıq Böyük Britaniyada bu hallar var, amma uşaqlar arsında ağırlaşma halları qeydə alınmamışdır. Ona görə hələ ki qorxu ilə özümüzü yükləməyək. Niyə hazırlıq görülür? Çünki heç nə öncədən proqnoz edilə bilinmir. Ölkəmizdə yeni ştam varmı? Bəlkə də var. Onun olmasını bilmək üçün gərək hər xəstə uşaq test edilsin. Amma edilmir. Çünki onsuz da, bilsək belə, edəcəyimiz nə isə yoxdur. Hələ ki uşaqlar xəstələnsə də sağalır. Həmişə olduğu kimi kəskin respirator virus infeksiyaları (KRVİ) diaqnozu ilə müalicə edirik, orqanizmə dəstək oluruq, ağırlaşıb ağırlaşmayacağına nəzarət edirik. Yeni ştam uşaqlardan böyüklərə keçə biləcək deyə uşaq müəssisələri bağlanacaq”. Pediatr eyni zamanda bir neçə tövsiyələr də verib: "İndilik məsləhətim budur ki, böyüklər peyvənd olunsunlar. Bəlkə peyvənd yeni ştamma qarşı effektiv olar və boyüklər uşaqları yoluxdurmaz. Uşaqlar hələ ki məktəbə getsinlər, onlar üçün bir az dəyişiklik olar. Onsuz da vəziyyət ciddiləşsə, yenidən evdə qalacaqlar. Vəziyyət isə onlar məktəbə gedəcəyinə görə ciddiləşməyəcək. Bu, virusun aqressivliyinə bağlı olacaq. Yoxsa, sadə virus kimi də ötüşüb keçə bilər. Uşaqları indidən müxtəlif vitaminlərlə yükləməyin. Bunun heç bir mənası da yoxdur. Ola bilər ki, uşaqları yoluxduran COVID-19 özünü Rotavirusdan (qusma-ishal) artıq formada aparmaz. Belə olduqda təhlükə də olmayacaq. Məni narahat edən və valideynləri də narahat etməli olan bir məqam da, uşaqların ümumiyyətlə peyvəndsiz qalmasıdır. Qızılca, göy öskürək, poliomielit kimi bildiyiniz ağır keçən xəstəliklərin peyvəndini etməyi ləngitməyin. Əsas onların təhlükəsi böyükdür. Dəqiq bildiyimiz budur. COVID-19 isə yeni hansı sürprizlə gələcək, onu dəqiq bilmirik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?