Qarı çox sevsək də, şaxtalı hava insan dərisinə təsirsiz ötüşmür. Bildiyimiz kimi havanın temperaturu düşdükdə dərimiz soyuğa məruz qalır. Bu isə öz-özlüyündə dəridə müxtəlif narahatlıqlar yarada bilər.
Bəs bu cür soyuq havalarda dərini qorumaq üçün nə etmək lazımdır? Əlcəklərdən istifadə etmək dəri qatında soyuqdan əmələ gələ biləcək fəsadların qarşısını ala bilərmi?
Bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının dermatoloqu Sevinc Kərimova məlumat verib.
O bildirib ki, havanın temperaturu düşdükdə dəri örtüyündə olan açıq sahələr soyuğa məruz qaldığı üçün kiçik kapilyar damarlarda dəyişiklik baş verir:
“Bu halda əllərdə, üzdə olan kiçik kapilyarlar yığılır, bununla da həmin nahiyələrdə qanın dövr etməsi çətinləşir. Qan dövranı pozulduqda isə dərinin qidalanması pozulur və dəri qurumağa başlayır. Məsələn qar topu oynayarkən əlcəkdən istifadə edilmədikdə, əlimiz qara toxunduqda dəri soyuyur, üzərində quruluq, səthi çatlar yaranır. Bu isə sonradan ikincili dəri infeksiyalarının yaranmasına səbəb ola bilər.
Şaxtalı havada çölə çıxarkən əlcək geyinmək, üzümüzü isə burnun üzərinə qədər ya maska, ya da şərflə bağlamaq məsləhət görülür. Bu az da olsa dərini şaxtadan qoruyacaq və dəri qidalanmasının pozulmasının qarşısını alacaq”.
Bir neçə saat şaxtalı havada qaldıqdan sonra evə gələrkən ilk iş olaraq isti çay içirik. Bəs əllərimizi birbaşa isti su ilə yumaq necə, düzgündürmü?
Həkim dermatoloqun sözlərinə görə, əlləri dərhal isti suya salmaq düzgün deyil:
“Tövsiyə edirəm ki, əlləri nisbətən ilıq su ilə yuyun. Belə su ilə yuduqdan sonra nəmləndirici krem vurulması məsləhətdir. Tərkibində vazelin olan nəmləndiricilər dəriyə daha yaxşı təsir edə bilər. Bu, dəri örtüyünü soyuğun mənfi təsirlərindən qoruyacaq. Əks halda dəridə qabıqlamalar, mikroçatlar yarana bilər. Bu isə sonradan müxtəlif dəri problemlərinə, fəsadlara gətirib çıxara bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?