Üç ildir həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxarılması üçün prezidentə müraciət edib.
Həm mənəvi, həm də psixoloji işgəncələrə məruz qaldığını, səhhətində ciddi problemlər yarandığından həyatını itirmək təhlükəsi ilə üzləşdiyini vurğulayan sabiq deputat bu durumda başqa çıxış yolu görmədiyini bildirib. Abdullayev iddia edir ki, həbsini təşkil edən qüvvələr onun haqqında yanlış fikir formalaşdırıb, böhtanlar yayıb. "Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi", – keçmiş deputat məktubunda belə deyib. Abdullayevin belə bir müraciəti olduğunu anası da AzadlıqRadiosuna təsdiqləyib. Zeynəb Abdullayeva bildirib ki, oğlu belə bir addım atmağa məcbur olub: "Ona çox pis təsir edir ki, dövlətin indiki vəziyyətə hansı çətinliklərlə gəlib çıxdığından xəbəri olmayanların əli ilə ona zülm olunur. Halbuki, dövlətin qorunmasında onların yox, Hüseynin xidmətləri olub". Abdullayeva vurğulayıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu da qərarında oğlunun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, onun təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma Azərbaycan hökuməti o qərarı icra etmir. Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb. Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.
Sorğu
Yeni dizaynımız necədir?