“Hazırda Azərbaycanda peyvəndlənmənin sürəti kifayət qədər yüksəkdir. Vətəndaşlar əvvəlki dövrlərdə olduğundan daha həvəslə və könüllü olaraq peyvənd vurdururlar. İlk vaxtlarda olan şübhələr və inamsızlıq halları demək olar ki, azalıb”.
Bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə İşçi qrupunun üzvü Günay Quluzadə deyib.
Onun sözlərinə görə, hər dəfə peyvəndə qoşulanların yaş həddi azaldılaraq yeni mərhələni əhatə edəndə gənc və orta nəslə mənsub olanlar arasında bu prosesə daha həvəslə qoşulanlar olur: “Yaşı 30-dan yuxarı olanlar az qala hər gün müraciət edərək peyvənd vurdurmaq istədiklərini və onlara nə vaxt növbə çatacağını soruşurlar”.
İşçi qrupunun üzvü peyvəndin yan təsirlərindən də danışıb. O qeyd edib ki, yan təsirlər peyvənd edildikdən sonrakı 24 saat ərzində yarana biləcək qısamüddətli narahatlıqlar - hərarətın qalxması, halsızlıq, şişkinlik və s. ola bilər: “Hər bir orqanizm fərdi keyfiyyətə malikdir və ona görə də peyvəndə cavab reaksiyası fərqli ola bilər. Artıq üç aya yaxındır ki, peyvəndlənmə prosesi gedir. İndiyədək halsızlıq, inyeksiya yerində ağrı, şişkinlik halları müşahidə edilsə də, hələlik peyvənd zamanı allergik reaksiyalara rast gəlinməyib, ürəkkeçmə, iflic olma halları yaşanmayıb. Ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini illərdən bəri istifadə olunan inaktiv peyvəndlər qrupuna aiddir və onların da təhlükəsizliyi 100 faizə yaxındır”.
Nazirlik rəsmisi bildirib ki, COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır: “Ölkəyə kifayət qədər peyvənd gətirilib və onun vurulması da çox uğurla aparılır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?