Azad Rəhimovun oğlu atasının ölümü ilə bağlı mənəvi dəstəyə görə Prezident və xanımına təşəkkür etdi
"Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu".
Modern.az xəbər verir ki, bunu dünyasını dəyişən nazir Azad Rəhimovun oğlu Arif Rəhimov sosial şəbəkə hesabında yazıb.
Oğlu bildirib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər, dövlətini sevən vətəndaş idi:
"Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.
Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi. Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.
Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik".
Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə müalicə olunurdu.. Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 08-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub, 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib.
1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək «İtaldizayn» Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib. Ailəlidir, bir övladı var.
Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?