Azərbaycanlı ictimai fəal Bayram Məmmədovun bir müddət əvvəl İstanbuldakı şübhəli ölümü ilə əlaqədar olaraq Türkiyə Böyük Millət Məclisində məsələ qaldırılıb.
Gundemxeber.az bildirir ki, bu barədə mayın 17-də “Cümhuriyyət” qəzeti məlumat verib.
Bildirilir ki, məsələnin parlamentin gündəliyinə HDP-nin (Xalqları Demokratik Partiyası) İzmir şəhərindən olan deputatı Murad Çepni çıxarıb.
Deputat daxili işlər naziri Süleyman Soyluya ünvanladığı suallara cavab verilməsini tələb edib.
Murad Çepninin açıqlamasında deyilir: “Bayram Məmmədov Azərbaycan ictimaiyyətində çox dəstəklənən və bir çox ölkələrdə fəaliyyəti izlənilən insan hüquqları müdafiəçisidir. Azərbaycan mətbuatında çıxan xəbərlər və Polis Departamentinin hadisəni əvvəlcə intihar, sonra da qəza kimi göstərməsi, hadisənin üstünün örtülməsinə çalışıldığı barədə təəssürat yaradır. Məmmədovun ölümü ilə bağlı detallı araşdırmalar aparılaraq şübhələrin aradan qaldırılması və tezliklə hadisənin aydınlaşdırılması zəruridir”.
Mayın 5-də ictimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb.
İlkin xəbərlərə görə, B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.
Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Sahil polisinin açıqlamasına görə, B. Məmmədov dənizə düşən çəkələyini götürmək üçün dənizə baş vurub, amma üzə bilmədiyindən boğularaq ölüb.
Sonradan Türkiyə polisi fəalın ölümünü “şübhəli ölüm” kateqoriyasına salıb.
Sorğu
Yeni dizaynımız necədir?