Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müşavir Operativ Qərargahı dərsini bilməyən şagirdə bənzətdi: - “Möhürlü kart verilib, indi də sertifikat istəyirlər”
Müşavir Operativ Qərargahı dərsini bilməyən şagirdə bənzətdi: - “Möhürlü kart verilib, indi də sertifikat istəyirlər”
Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərin, yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur.
Qeyd edilir ki, həmin obyektlərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa, obyektə xəbərdarlıq ediləcək və bu obyektlər hətta bağlana bilər.
İyunun 1-dən bir sıra məhdudiyyətlərin aradan qaldırılması turizm fəaliyyəti üçün də imkanlar yaradır. Hazırda ölkədə daxili turizm var və qarşıdan yay turizm mövsümünün gəldiyini, eləcə də rayonlara gediş-gəlişlə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını nəzərə alsaq, bu sektorun fəaliyyətində canlanma özünü göstərəcək.
Bəs vaksinasiya və ya immunitet sertifikatı istirahət mərkəzlərinə də tətbiq ediləcəkmi?
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Cebhe.info-ya bildirib ki, hələ bu sahə ilə bağlı qaydalar dəqiq deyil, yarımçıq işlər görülüb:
“Turizm obyektləri dedikdə orada restoran, hotel, əyləncə mərkəzləri də var. Ancaq Operativ Qərargah fikirlərini konkret izah və ifadə edə bilmir. Bütün fikirləri yarımçıq deyirlər. Sanki bu sahənin qeyri-professional adamlarıdır.
“Baxarıq, edərik, deyərik” kimi ümumi, şablon sözlər deyirlər, heç bir konkretlik yoxdur. Əgər vətəndaş hoteldə qalırsa, mütləq oradakı restoranda qidalanır, bəs bunlar necə olacaq? Hazırda daxili turizm inkişaf edir və indidən insanlar bölgələrə gedir, bu da pis deyil, yaxşıdır. Ancaq Operativ Qərargah konkret fikir bildirməlidir, obyektləri, restoranları işlədən insanlar bilsinlər ki, gələn insanların COVID pasportuna buraxılacaq, yaxud buraxılmayacaq. Elə bil ki, tələbə çıxıb lövhənin qarşısına, müəllim deyir ki, danış, o da danışa bilmir, müəllim ona necə qiymət verməlidir? Deyirlər kompüterdə sertifikat, pasport çıxarılmalıdır. Yaşlı insanlar var ki, kompüter işlədə bilmir, elə insanlar var ki, heç latın əlifbasında yaza bilmirlər. Möhür vurulmuş kart verilib, yenidən bir də sertifikat istəyirlər. Bu nə deməkdir? Hər şeyi nəzərə almaq lazımdır. Tam açıqlamaların verilməməsi onu göstərir ki, həmin sahəni dəqiq bilmirlər. Bir məsələni həll etdikdə onu hərtərəfli fikirləşmək lazımdır”.
M.Ağakərimov onu da vurğulayıb ki, turizm obyektində çalışan işçinin COVID pasportunun olması məqsədəuyğundur:
“İndi 18 yaşdan yuxarı şəxslərin hamısının vaksinasiyası gedir. Hotellərdə, restoranlarda çalışanların hər 6 aydan bir sanitar kitabçaları olur. Buna uyğun olaraq, sanitar kitabçaları ilə birlikdə onlar üçün pasportlaşdırma aparmaq olar. Çünki həmin işçilər müştəriyə xidmət edir və özləri sağlam olmalıdırlar. Hələ sovet dövründə də işçilərin sanitar-gigiyenik normalara riayət etməklə bağlı kitabçaları var idi, indi də var. İndi də şirkətin bağlanmaması üçün həmin işçilərin sanitar kitabçalaırını təmin etməlidirlər.
Bu, şirkətin məsuliyyətidir, bağlanmaması üçün bunları etmək daha məqsədəuyğundur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?