Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib ki, ilkin olaraq COVID-19 pasportları yalnız idman sağlamlıq mərkəzlərinə girişə tətbiq ediləcək. Amma gələcəkdə bu pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burada söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir.
Vətəndaşlar böyük səbirsizliklə toy şənliklərinin təşkilinə qoyulan qadağanın aradan götürüləcəyi qərarı gözləyirlər. Bununla yanaşı, bir ildən artıq müddətdir ki, qapalı olan şadlıq evlərində toy mərasimlərinin bərpa olunacağı təqdirdə, qiymətlərin əvvəlki dövrə nisbətdə müəyyən qədər artacağı ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir. Biz də həm mövcud qiymətləri, həm də hazırlıqların başlayıb-başlamadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. “Mala Praqa”dan Publika.az-a bildirildi ki, artıq iyun və iyul aylarında olan bütün günlər demək olar ki, tutulub: “Bəzi günlər, xüsusilə də çərşənbə axşamı günlərində boş yerlər var. Menyuların qiyməti 60 manatdan başlayır, 200-300 manata qədər davam edir. Qiymət yeməklərin növündən asılı olaraq dəyişir. Əvvəl minimum qiymət 50 manat idi. İndi 10 manat artıb. Hazırda icazə verilmədiyi üçün qonaq sayını tam dəqiq təyin edə bilmirik. 100-120 nəfər ola bilər”. “Mona Liza” şadlıq evindən isə rəsmi icazə olmadığı üçün qərarı gözlədiklərini bildirdilər. Qiymətlərə gəlincə, qeyd etdilər ki, əvvəlki dövrə nisbətən bir qədər bahalaşma var: “Dekorsuz olaraq 20-30 nəfərlə edə bilərlər. Qiymətlər 40-50 manat arası dəyişir. Qiymətə videoçəkiliş və musiqi daxil deyil. Əvvəlki illərə nisbətdə qiymətdə bir qədər bahalaşma var. İyun ayı üçün yeri sifariş etmək mümkündür”. “Kalyon Novxanı” restoranından deyildi ki, onlarda olan məlumata görə, iyunun 1-dən sonra toyların təşkilinə icazə verilib-verilməyəcəyi məlum olacaq: “Rəsmi qərarı gözləyirik. Menyunun qiyməti minimum 55 manatdır. Həmişə belə olub. Qiymət yeməklərin növünə görə dəyişir”. “Gilavar” şadlıq sarayının nümayəndəsi bildirdi ki, iyun və iyul aylarında toy etmək mümkün olacaq. Qiymətlərdə isə bir qədər artım mövcuddur: “180-200 nəfərlik toy etmək olar. Bunun üçün 600 nəfərlik zalımız var. İyun ayı üçün də yer var. Əvvəl qiymət 40 manatdan başlayırdı, indi isə 45 manatdan başlayır, hər şey daxildir. Qiymət ona görə artıb ki, əvvəl 12 nəfərlik masa qoyub, 400 nəfər yazırdıq, indi isə 180-200 nəfərə icazə verdikləri üçün, həmin masaya 6 nəfər əyləşə bilər ki, buna görə də qiymətlərdə artım var. Maksimum qiymət isə 65 manatdır. Toy qapalı məkanda keçiriləcək. Buna şəraitimiz imkan verəcək”. “Badi Səba Saray” şadlıq evindən rəsmi qərarı gözlədikləri qeyd edildi. Hətta qonaq sayı çox olacaqsa, endirim edə biləcəklərini də dedilər: “İyun ayı üçün yer sifariş edə bilərlər. Biz ancaq nə qədər insanın toyda iştirakına icazə veriləcəyini bilmirik. 100-150 nəfər olacaqsa, 35-36 manatlıq menyunu 32 manata edə bilərik. Bu qiymətə hər şey daxildir. Hazırda yeri sifariş edib, gözləyə bilərlər. Biz də Operativ Qərargahın verəcəyi qərarı gözləyirik. Amma qeydiyyatı aparırıq, icazə verilməsə, qeyd edilən günlər növbəti aylara təyin ediləcək”. “Golden Garden”in nümayəndəsi hazırda qeydiyyatın aparıldığını bildirdi: “Toylar hər halda iyunun 10-dan başlayacaq. Qonaq sayı 150 nəfərə qədər mümkündür. Banket zalda 35-40 manat, şadlıq evində 45-50 manatdır. Qiymətdə artım var. Musiqi isə qiymətə daxil deyil. Banket zalı 70 nəfərlikdir, xınayaxdı mərasimi üçün bir yerin qiyməti 30 manatdır, bu qayda ilə məclisin böyüklüyünə uyğun olaraq qiymət artır”. “BƏM Lido Saray”ın nümayəndəsi isə dedi ki, onlarda iyunun 14-15-dən sonra qapalı məkanlarda toyların təşkilinə icazə veriləcəyi ilə bağlı məlumat var: “Bu tarixdən sonra eləmək olar. Ancaq biz də rəsmi qərarı gözləyirik. Qiymət bir nəfər üçün 50 manatdır, 600 manata da yerlər var. Qiymətlər müxtəlifdir”. “İmperial Saray”da qiymətlərin qonaq sayına görə dəyişdiyi məlum oldu. Onlar da bildirdilər ki, iyunda toyların təşkilinə icazə veriləcəyi ilə bağlı məlumat yayılıb: “İyun ayı üçün yer sifariş edə bilərlər. Qiymətlər 40-55 manat olaraq dəyişir. Yəni qonaq sayına görə dəyişir. Biz də təqribi rəqəm deyirik. Çünki dəqiq bilmirik ki, neçə nəfərə icazə verəcəklər. 200 nəfər olarsa, minimum 38 manatla təşkil etmək olar. Mayın 25-də brifinq oldu, amma məlumat verilmədi. Düşünürük ki, iyunun 10-dan sonra icazə verəcəklər”. “Simfoniya Hall”un nümayəndəsi rəsmi qərarı gözlədiklərini qeyd etdi: “Qiymətlərimiz 120 manatdan başlayır, 160 manata qədər davam edir. Bu qiymətə musiqi və dekor daxil deyil. Qonaq sayı hələ dəqiq məlum deyil. Ancaq bizim 550 nəfərlik zalımız var, düşünürük ki, icazə verilsə, orada 250-300 nəfəri qəbul edə bilərik. Açıq havada isə yerimiz yoxdur”. “Romance Palace”dan da bildirildi ki, rəsmi qərarı gözləyirlər: “ Tədbirlərin keçirilməsinə icazə verilməyib. Rəsmi nə deyəcəklərsə, o da olacaq”.
Restoranların bir neçəsinə müştəri olaraq zəng etdik. “Mega Palace”ın nümayəndəsi toyların keçirilməsinə qoyulan qadağanın tezliklə aradan qaldırılacağı günü səbirsizliklə gözlədiklərini dedi. Bildirdi ki, yaxın bir neçə günə bununla bağlı xəbər də olacaq: “Hələ ki, icazə verilməyib. Qərarı gözləyirik. Ancaq yeri əvvəlcədən sifariş edə bilərsiniz. 100-150 nəfərlik zalda toy etmək olar. Qiymətlər 35-50 manat arasında dəyişir. Üç zalımız var. Açıq havada yer yoxdur. İcazə verilsə, deyiləcək. Minimum 50 nəfəri götürəcəyik. Ancaq inanırıq ki, tezliklə icazə verəcəklər, səbirsizliklə gözləyirik. Biz də xəbər gözləyirik, bu gün, ya da sabah bizə xəbər verəcəklər”. Hətta məlum oldu ki, toylara qoyulan qadağanın qüvvədə olduğu bir dövrdə toy mərasimi təşkil edən şadlıq evi də var. “Şuşa Saray” şadlıq evindən müştəri olaraq etdiyimiz zəngə cavab olaraq bildirdilər ki, toyların siyahısını qeyd ediblər, icazə gözləyirlər: “Bütün yerlər demək olar ki, tutulub. Bir neçə gün üçün yer boşdur. İyunun axırları üçün iki boş yer var. Qiymətlər 35-60 manat arasında dəyişir. 3-4 manat artım olacaq. Qapalı məkanla yanaşı, açıq zal da var. Dünənki brifinqdə toylarla bağlı qərar verilmədi. Yəqin ki, iyunun əvvəlində bununla bağlı qərar verilər”. “Venera Saray”ın nümayəndəsi toylara qoyulan qadağa ilə bağlı narazılığını bildirdi: “Brifinq keçirildi, toylarla bağlı heç bir qərar verilmədi. Toylar Məhərrəmlik ayından sonraya qaldı. Hazırda heç bir məclis təşkil etmirik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?