Dünya ictimaiyyəti vaksinlərin ədalətli bölgüsünün təminatı və COVID-19 pandemiyasının qarşısının alınması üzrə öhdəliyi üzərinə götürməlidir.
Bu barədə bir neçə beynəlxalq qurumun, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun iştirakı ilə tərtib edilmiş açıq məktubda deyilir.
"Artıq səhiyyə böhranını aradan qaldırmadan hər yerdə bərpanın mümkün olmayacağına şübhə yoxdur”, - deyə Dünya Bankının prezidenti Devid Malpassın, Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyevanın, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonvo-İvealın və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun iştirakı ilə tərtib edilmiş sənəddə deyilir.
Qeyd edilir ki, vaksinlərin istehsalı və bölgüsü zamanı disbalans yalnız çoxlu sayda insanı immuniteti qazanmaq imkanlarından məhrum etmir, həm də dünyada COVID-19-un yeni ştamlarının meydana çıxması və yayılması üçün ilkin şərtləri yaradır.
"Bu gün beynəlxalq ictimaiyyəti dünya əhalisi üçün daha qəti, koordinasiyalı və maliyyələşdirilmiş peyvənd strategiyası üçün prinsipial olaraq yeni dəstək səviyyəsini və tətbiqini nümayiş etdirməyə çağırırıq", - sənədin müəllifləri qeyd edib.
Təşkilat rəhbərlərinin fikrincə, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün əsasən qrantlar və güzəştli maliyyələşdirmə yolu ilə aşağı və orta gəlirli ölkələr üçün əlavə vəsait ayırmaq, həmçinin daha çox peyvənd istehsalı üçün böyük vəsait ayırmaq lazımdır./report.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?