Azərbaycan Milli Məclisi 4 qanuna dəyişikliklərlə bağlı layihəni plenar iclasında müzakirə edəcək.
Bunlar Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlərdir.
Qanunvericiliyə təklif olunan dəyişikliklər hüquq icitimaiyyəti tərəfindən tənqidlərlə qarşılanıb.
İşçi qrupunun rəyi
Dəyişiklikləri hazırlayan işçi qrupuna Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev rəhbərlik edib.
Sənan Hacıyev deyib ki, mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
İşçi qrupunun təhlili göstərib ki, məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır.
“Buna görə də məhkəməyə hazırlıq institutu gücləndirilməli, sübutlar hazırlıq iclasına təqdim olunmalıdır. Burada məqsəd işlərə prosessual qanunvericilikdə müəyyən olunmuş zaman çərçivəsində baxılmasını təmin etmək, vətəndaşların ədalət mühakiməsindən məmnunluq səviyyəsini artırmaq, eyni zamanda cavabdeh tərəflərə özünümüdafiəni qurmağa imkan verməkdən ibarətdir. Yeniliklərdən biri də videokonfrans əlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır. Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kassasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur,” o qeyd edib.
Təklif edilən dəyişikliklər
Beləliklə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə görə məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:
Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
- İddia qiyməti 1000 manatadək olduqda - 30 manat;
- İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatadan yuxarı olan iddia qiymətinin 1 faizi;
- İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
- İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat + 100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
- İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat + 1 000 000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
- Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.
Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyənləşir. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumları səviyyəsində olacaq.
Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) səviyyəsində müəyyənləşir.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardan şikayət verilməsinə görə dövlət rüsumunun 50 manat olması təklif edilir.
Apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumlarının 50 faizi səviyyəsində olacaq.
Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə dövlət rüsumunun 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat olması təklif edilir.
Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Ekspert rəyi
Vəkil Cavad Cavadov bildirib ki, dövlət rüsumunun məbləği məhkəməyə müraciətin əlçatımlığı məhdudlaşdırmamalıdır və dövlət rüsumunu ödəmək imkanı olmayan şəxslərə onun azaldılması, möhlət verilməsi mexanizmləri də qanunda tətbiq edilməlidir.
Vətəndaş Hüquqları İnstitutunun təhlili
Vətəndaş Hüquqları İnstitutu hesab edir ki, dövlət rüsumlarının hazırda müəyyən edilən miqdarlarının Azərbaycan kontekstində əhalinin maddi rifahı ilə uzlaşmadığını müəyyən etmək mümkündür.
“Qanunvericiliyə digər bir düzəliş isə tərəfin və ya onun nümayəndəsinin və ya vəkilinin 500 manata qədər cərimələnməsi riskidir. Qeyd edək ki, qanuna görə bu cür cərimələnmə açıq-aşkar əsassız vəsatətlər və şikayətlər verildikdə yaxud işin gedişatına maneçilik yaradıldıqda hakim tərəfindən diskresion səlahiyyət əsasında təyin edilə bilər. Bu müddəanın hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət yaratdığı vurğulanmalıdır. Dəfələrlə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda hakimlər tərəfindən hüquqi müəyyənlik prinsipinin pozulması hallarını və diskresion səlahiyyətdən sui-istifadə hallarının olması müəyyən edib.”
İnstitut hesab edir ki, vəkillərin gəlir səviyyəsi Azərbaycanda çox yuxarı deyil.
“500 manata kimi cərimələnmə riski bu baxımdan onların fəaliyyəti üçün ciddi hədələyici effekt yaradır. Nəzərə alınmalıdır ki, hazırkı layihədə “açıq-aşkar əsassız”lığın konkret meyarları, eləcə də “işin gedişatına mane olma”nın çərçivələri müəyyən edilməyib. Bundan əlavə, məhkəmə təcrübəsində belə meyarlar və çərçivələr dəqiqləşdirilməyib. Belə halda hakimlər tərəfindən vəkillik fəaliyyətindən legitim istifadəyə görə bu müddəadan sui-istifadə halları baş verə bilər. Qeyd edək ki, əvvəllər məhkəmələr vəkillərin legitim fəaliyyətinə görə onlar barəsində Vəkillər Kollegiyasına əsassız şikayətlər veriblər. Hazırda isə bu müddəadan vəkillərin əleyhinə sui-istifadə edə bilərlər,” Vətəndaş Hüquqları İnstitutunun bəyanatında qeyd edilir.
Qurum hesab edir ki, cərimənin miqdarı ağlabatan miqdarda təyin edilməli ya da yeni dəyişiklikdə göstərilən konseptlərin (açıq-aşkar əsassızlıq və işin gedişatına mane olma) meyarları daha konkret və aydın müəyyən edilməlidir.
“Nəticə etibarilə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması planlaşdırılan qanun layihələri ədalət mühakiməsi hüququna, o cümlədən məhkəmə müyəssərliyi və məhkəmədə təmsilçilik hüququna ciddi maneələrdir. Həmçinin nəzərə alınmalıdır ki, bu qanun layihələri əhalini maraqlandırdığı halda qabaqcadan ictimai müzakirə olunmadan Milli Məclisin plenar iclasına çıxarılır. Bu isə prosessual ədalətlilik prinsipinə ziddir.”
Vətəndaş Hüquqları İnstitutu hesab edirik ki:
- Bu qanun layihələri (Dövlət rüsumu haqqında Qanun və Mülki Prosessual Məcəlləyə dəyişikliklər) Milli Məclisin plenar iclasından çıxarılmalı və ictimai müzakirə məqsədləri üçün təxirə salınmalıdır;
- Dövlət rüsumunun ədalətli dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq elmi-iqtisadi araşdırma aparılmalı və rüsum dərəcələri məhkəmə işlərinin spesifikasına, sayına və əhalinin maddi imkanlarına uyğun hesablanmalıdır;
- Məhkəmə cərimələrinin miqdarı daha aşağı və ağlabatan miqdarda müəyyən edilməli və bu cərimələrin tətbiqi üçün meyarlar daha aydın və konkret dəqiqləşdirilməlidir.
Vəkillər Kollegiyasının sədri: Hüquqi savadı olmayan şəxsin vəsatət verəndə cərimələnməsi nə dərəcədə ədalətli olacaq?
Vəkillər Kollegiyasının sədri Anar Bağırov huquq.az saytına bildirib ki, qanunvericiliyə təklif edilən bu dəyişikliklə yanaşı mülki işlər üzrə aşağı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi təcili olaraq təmin olunmalıdır.
"Əks halda dövlət rüsumunun artması, kassasiya həddinin 5 000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq", o qeyd edib.
Sədr həmçinin məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilməsi barədə təklifə etiraz edib: "Vəsatətin və ya şikayətin "açıq-aşkar əsassız" olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda "açıq-aşkar və aşkar olmayan əsasssız" vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı"./amerikaninsesi.org/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?