Azərbaycanda COVID-19-un "Delta" və "Alpha" variantları aşkar olunub.
Bu barədə Səhiyyə Nazirliyi və TƏBIB-nin birgə bəyanatında deyilir. Bəs görəsən koronavirusun bu iki variantı barədə nə məlumdur?
Ən son məlumat
Azərbaycanda aşkar olunan koronavirusun "Delta" (B.1.617 ) və "Alpha" (B.1.1.7 ) ştammları (onlara daha əvvəl Hindistan və Britaniya variantları da deyilib - red.) son dövrlərdə ölkəyə xaricdən gələn 31 nəfərdən alınan nümunələrdə aşkar olunub.
Əsas xüsusiyyəti
Koronavirusun bu variantlarının əsas xüsusiyyəti kimi onların sürətlə yayılmasıdır.
Ötən ilin payızında Britaniyanın cənub-şərqində aşkarlanan Alpha variantı artıq qışda ölkə boyu dominant növə çevrilərək karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb oldu.
Koronavirusun Britaniya ştammı nədir, nə qədər təhlükəlidir və özünü necə qorumalı? 6 suala cavabda - BBC News Azərbaycanca
Delta variantı ilk dəfə 2020-ci ilin payızında Hindistanda aşkar olunub. Bu variant Rusiya və Britaniya da daxil, bir sıra ölkələrdə artıq dominant varianta çevrilib.
Britaniya Səhiyyə Sisteminə əsasən, Delta Alpha-dan 60 faiz daha çox yoluxucudur.
Bu ştamm dünyanın 85 ölkəsində yayılıb, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir.
Yeni simptomlar
İlkin məlumatlara görə, Delta ilə bağlı yeni simptomlar üzə çıxıb.
Həkimlər öskürək, yüksək qızdırma, iybilmə və dadbilmə hissinin itirilməsiylə yanaşı, baş, boğaz ağrısı və güclü burun axması kimi yeni simptomların olduğunu qeyd edirlər.
Təbii ki, bu simptomlar koronavirusa yoluxmanın birmənalı təsdiqi kimi qəbul olunmamalıdır. Odur ki, mütəxəssislər onlara diqqət yetirməyi tövsiyyə edirlər.
Delta-ya qarşı vaksinlər effektivdirmi?
Delta variantının daha yoluxucu olmasına baxmayaraq, peyvəndlər ölüm təhlükəsi və onun ağır formasına qarşı qorunmanı təmin edir. Belə nəticələrdən biri də İngiltərə Səhiyyə Sistemi tərəfindən keçirilən araşdırmanın ilkin nəticələriylə təsdiqlənir.
Hələ elmi ictimaiyyət tərəfindən təsdiqlənməyən hesablamalar göstərir ki, Azərbaycanda da istifadə olunan Pfizer peyvəndinin bir dozası ağır hallarla xəstəxanaya yerləşdirilmə ehtimalını 94 faiz azaldır.
AstraZeneca vaksini və tromboz riski: Nə məlumdur? 6 suala cavabda
AstraZeneca-da bu rəqəm bir doza üçün 71 faiz təşkil edib. İkinci inyeksiyadan sonra bu vaksinlərin effektivliyi müvafiq olaraq 96 və 92 faiz olub. Bu nəticələr 12 aprel-4 iyun tarixləri arasında İngiltərədəki infeksiya statistikasının təhlilinə əsaslanır.
Bəzi rusiyalı mütəxəssislərə əsasən, Sputnik V vaksini AstraZenaca ilə eyni prinsip əsasında hazırlandığı üçün o, müqayisə ediləcək effektivlik göstərə bilər.
Qüvvətləndirici əlavə vaksin dozasına ehtiyac varmı?
Bu, hələ dəqiq bilinmir, lakin Delta ştammı ilə yoluxmaların sayı atrdıqca toplanan statistika və bədəndə əmələ gələn anti-cisimlərin laborator müayinəsi bu suala birmənalı cavabın tapılmasını asanlaşdıra bilər.
Avropa və ABŞ-dakı son tibbi tövsiyələrdə iki dozadan sonra yeni peyvəndin, eləcə də sağalmış xəstələrin vaksinasiyasının zəruriliyi qeyd olunur.
Azərbaycan Səhiyyə Nazirliyinə əsasən, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlar 3-cü - "buster doza", yəni, qüvvətləndirici əlavə peyvəndlənmə məqsədəuyğun hesab olunur.
Delta ştammına görə ölüm səviyyəsi artırmı?
İndiyə qədər ölüm nisbətlərini sistematik şəkildə müqayisə etmək üçün Delta və digər ştammlarla bağlı kifayət qədər statistika mövcud deyil. Burada Deltanın dominant olduğu Britaniyanın təcrübəsi maraq doğura bilər.
İngiltərənin səhiyyə rəsmilərinə əsasən, ölüm hallarının sayındakı artım tempi hospitala yerləşdirilən xəstələrin sayındakı tempdən aşağıdır.
"Xəstəxanaya qəbul və ölüm hallarının eyni nisbətdə artmadığını görmək çox ürəkaçandır, amma bunu yaxından izləməyi davam edəcəyik," - Britaniya Medical Journal saytında İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin İcraçı Direktoru Jenny Harris-in sözləri iqtibas olunur.
Sorğu
Yeni dizaynımız necədir?