Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda karantin cərimələri silinə bilər? - SORĞU
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da karantin rejimi tətbiq olunur.
Karantin qaydalarını pozanlar, qaydalara əməl etməyənlərə isə müxtəlif cərimə sanksiyaları tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 100 manat, vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün cərimə isə 400 manatdır.
Qeyd edək ki, bu ilin 18 yanvarından ölkədə koronavirus əleyhinə vaksinasiya prosesinə də başlanılıb. Sentyabrın 1-dən etibarən isə bütün dövlət qurumlarına, o cümlədən ictimai-iaşə obyektlərinə “COVID-19 posportu” olmadan giriş qadağan edilib. Bu qaydaları pozan fiziki şəxslər 200 manatdan 400 manata dək, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə olunacaq.
Cərimələrin tətbiqi digər ölkələrdə də mövcuddur.
Gürcüstanda isə karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr silinib. Azərbaycanda cərimələrin taleyi necə olacaq? Cərimələr bağışlana bilərmi? Ümumiyyətlə, indiki məqamda hökumət əhalinin sosial durumunu nəzərə alaraq belə bir addım ata bilərmi?
Deputat Cavid Osmanov Cebhe.info-ya açıqlamasında deyib ki, indiki məqamda cərimələrin silinməsi görülən işlərə mənfi təsir edə bilər:
“İnsanlarda belə bir fikir yaranar ki, qaydaları pozmaq olar, onsuz da gələcəkdə cərimələr silinəcək. Pandemiyanın Azərbaycanda çox yayıldığı, gündəlik yoluxmanın 4 minin üzərində olduğu həssas zamanda belə bir addım ümumi işə mənfi təsir edə bilər”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə cərimələrin silinməsinin tərəfdarıdır:
“Amma cərimələrin silinməsi cəmiyyətdə elə fikir formalaşdırmamalıdır ki, qaydaları pozmaq olar. Koronavirusla bağlı vəziyyət olduqca kritikdir. Hər kəs qaydalara ciddi riayət etməlidir. Vaksinasiyaya ciddi yanaşmaq lazımdır. Amma ümumilikdə biz də tərəfdarıyıq ki, cərimələr silinsin. Çünki cərimələr Azərbaycan vətəndaşın bugünkü durumuna heç də adekvat deyil. 2 milyona yaxın işsiz vətəndaşımız var, iqtisadi vəziyyətin çətin olduğu bir fonda bu cür cərimələrin tətbiq olunması adekvat deyil və bir çox insanlarımız bu cərimələri ödəmək gücündə olmur. Ona görə də hesab edirəm ki, həmin cərimələrin silinməsi dövlət tərəfindən humanist addım olardı”.
"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də indiki məqamda cərimələrin silinməsinin əleyhinədir:
“Əslində ilk olaraq Gürcüstandakı qərarın özünü araşdırmaq lazımdır. Mətbuat kontekstdən çıxarılmış məlumat yayır. Eyni zamanda, elə silinmə ola bilər ki, xüsusi bir qrupa aid olunsun. Dövlət tərəfindən hansısa humanitar addımın atılması yaxşı haldır. Biz də belə məsələlərdə dövlətin addım atmasını təşviq edirik. Amma indiki məqamda belə bir addım atmaq nə dərəcədə uyğundur? Koronavirusun sürətli yayıldığı, yoluxmanın artdığı bir vaxtda belə bir addım doğrudurmu?
Etiraf edirik ki, biz çox halda maskanı cərimə olunmayaq deyə taxırıq. Çox təəssüf ki, əksər insanlar cəriməyə görə bunu edir. Ona görə hesab edirəm ki, belə məqamda cərimələrin silinməsi doğru deyil. Çünki proses gedir, ola bilər qapanmalar olsun. Amma ümumi olaraq dövlətin atdığı humanitar, sosial yönümlü addım dəstəyə layiqdir. Amma indiki şəraitdə bunu uyğun görümürəm. İnsanlar da belə bir fikir yaranacaq ki, cərimə olunsam da, hökumət bağışlayacaq. Bu düzgün deyil. Əksinə, qaydalara ciddi şəkildə riayət etsək, daha doğru olar”.
Gundemxeber.Az
18-12-2020, 12:20
16-12-2020, 14:47
19-03-2020, 17:29
26-12-2020, 16:56
27-11-2013, 20:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?