Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Həsənovun sabiq müşaviri ifadə verdi: “Əmlak sahibi ilə alqı-satqı müqaviləsini mən imzalamışdım”
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycanın Serbiyadakı səfirliyində müşavir işləmiş Qabil Köçərli ifadə verib.
O bildirib ki, 2010-cu ildə Azərbaycanın Serbiyadakı səfirinin müşaviri təyin edilib:
“Səfirlik üçün alınan binanın alqı-satqısında iştirak etmişəm. Binanın alınması ilə bağlı Serbiya Xarici İşlər Nazirliyi bizə “Ambasador” alqı-satqı şirkətini təklif etdi. Binanı da həmin şirkət tapdı və komissiya seçib bizə təqdim etdi. Əmlak sahibi ilə alqı-satqı müqaviləsini mən imzalamışdım. Həmin vaxt Eldar Həsənov Buxarestdə idi, mənə etibarnamə vermişdi”.
Q.Köçərli deyib ki, binanın pulunun verilməsində iştirak etməyib, ancaq qeydiyyat prosesində olub.
Daha sonra şahid prokuror və vəkillərin suallarını cavablandırıb.
Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib.
Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Gundemxeber.az
22-09-2020, 14:00
18-08-2021, 10:04
18-09-2020, 12:00
31-03-2021, 10:21
23-09-2020, 11:25
Sorğu
Yeni dizaynımız necədir?