Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib olunması və çıxarışların verilməsi üçün müraciət etmiş vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr aşkar edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında 2022-ci il fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?