Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən Qaynarinfo-ya verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub.
İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.
İmtahanların keçirilməsi üçün 32 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 44 imtahan rəhbəri, 32 ümumi imtahan rəhbəri, 313 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?