Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayev də məsuliyyətə cəlb oluna bilər. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində onun və digərlərinin barəsində başlanmış cinayət işinin istintaqı davam edir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
"Sorğunuza cavab olaraq bildiririk ki, Təhsin Ağayev və digərləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ayrılmış cinayət işi üzrə hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir” deyə Günay Səlimzadə qeyd edib.
Təhsin Ağayev uzun illər MTN-in Baş İstintaq İdarəsində işləyib. Bir müddət idarənin Metodiki yardım və kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ildən Milli Təhlükəsizlik Nazirliyi ləğv olunanadək Baş İstintaq İdarəsinin rəis müavini, İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.
2015-ci ilin oktyabrında MTN-də qəfil yoxlama zamanı həbsə alınacaq vəzifəli şəxslər sırasında adı olduğunu bildiyindən intihara cəhd edib. Sanitar qovşağa qaçan keçmiş rəis müavini özünü asmaq istəyib. Lakin əməliyyat qrupunun üzvləri onu xilas edərək MTN-nin binasından qovublar.
İstintaq müddətində Təhsin Ağayevin səhhətində ciddi problemlərin olduğu barədə məlumatlar yayılıb. Güman edilir ki, keçmiş rəis müavini bununla məsuliyyətdən yayınmağa çalışıb. Amma deyəsən, bu mümkün olmayacaq. Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işinin istintaqı davam etdirilirsə, deməli Təhsin Ağayev hər an məsuliyyətə cəlb oluna bilər.
Təhsin Ağayevin adı MTN-in 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovla birlikdə bir neçə zərərçəkmişə hədə-qorxu gələrək onlardan külli miqdarda pul almaqda çəkilib. "Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovdan 3 milyon manat tələb edib, lakin sonradan ondan 600 min manat alınmasında Təhsin Ağayev birbaşa iştirak edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?