Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə jurnalistin apellyasiya şikayətini təmin etməyib
Mayın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlinin işi üzrə Xaçmaz rayon Məhkəməsinin hökmündən şikayəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə Cəmil Məmmədlinin özü bildirib.
Bu il martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 faizi dövlətin nəfinə tutulmalıdır. İcra hakimiyyəti başçısı jurnalistin böhtan və təhqirə görə, azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Şikayət Cəmil Məmmədlinin müəllifi olduğu “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olub.
Xaçmaz rayon Məhkəməsinin hökmündən hər iki tərəf apelyasiya şikayəti verib. Jurnalistin vəkilləri hökmün qanunsuz olduğunu iddia edərək, onun ləğv olunmasını, Məmmədliyə bəraət verilməsini tələb edib. Xüsusi ittihamçı, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev isə jurnalistə daha ağır cəza verilməsini, onun azadlqıdan məhrum edilməsini tələb edib.
Aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası hər iki apelyasiya şikayətini rədd edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin dəftərxanasından Amerikanın Səsinə məhkəmənin qərarı ilə bağlı şərh verməyiblər.
Jurnalistin vəkili Nemət Kərimli məhkəmənin qərarı ilə razı olmadıqlarını deyib və bildirib ki, jurnalistə yazdığı məqalələrə, yaydığı məzmuna görə cinayət cəzası verilməsi yolverilməzdir.
“Bu işdə vəziyyət tamamilə jurnalistin xeyrinə idi. O, böhtan və təhqirdə təqsirli bilinsə də, əslində, belə əməllərə yol verməyib. Məhkəmə çəkişməsinə icra hakimiyyəti başçısının qanunsuz əməlləri ilə bağlı video proqram səbəb olmuşdu. Həmin proqramda 200-dən artıq vətəndaşın ifadəsinə əsasən, bildirilmişdi ki, guya, icra başçısı onları xəbərləri olmadan işə qəbul edib, maaşlarını özünə götürüb. Şahidlərin arasında maaş kartlarının onda olduğunu, hər ay maaşları çıxarıb icra başçısına verdiyini söyləyənlər də var. Ancaq məhkəmə şahidlərin heç birini dindirməyə çağırmadı. Baxmayaraq ki, onlar məhkəmənin qarşısına toplaşmışdılar. Qərar tamamilə əsasızdır. Ali Məhkəməyə şikayət edəcəyik,” vəkil Media Hüququ qrupuna bildirib.
Bu arada qarşı tərəfin vəkilindən şərh almaq mümkün olmayıb. Bununla yanaşı, Quba rayon İcra Hakimiyyəti başçısının məhkəmədə hüquqlarını müdafiə edən vəkil Seyfəddin Əliyev ilkin məhkəmənin hökmü ilə bağlı Amerikanın Səsinə deyib ki, məhkəmənin hökmündən razıdırlar.
“Biz məhkəmənin hökmünü hörmətlə qəbul edirik. Razı olmayan tərəf qanunvericiliyə uyğun olaraq şikayət verə bilər,” Əliyev qeyd edib.
Jurnalist Cəmil Məmmədli Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcək.
“Əgər kassasiya şikayətim təmin edilməsə Avropa Məhkəməsinə şikayət verəcəm. Çünki nə birinci instansiya məhkəməsi, nə də apellyasiya insansiyası məndən yazdıqlarım barədə soruşmayıb. İnsanlar mənim yazdıqlarımı təsdiq edir. Məhkəmə mənim vəsatətimi təmin etmir, yazdıqlarımı təsdiq edəcək onlarla şahidi dindirmir. Mənim məqalələrim faktlara və sənədlərə əsaslanır,” o qeyd edib.
Məmmədli hesab edir ki, qarşı tərəf onun maksimum cəzalandırlmasını istəyir.
“Onlar məndə olan digər faktları da bilirlər. Bu səbəbdən mənim böhtan ittihamı ilə cəzalandırılmamı istəyirlər ki, növbəti dəfə faktlara və sənədlərə əsaslanıb məqalə yazanda desinlər ki, bu böhtançıdır. Konkret halda jurnalsit fəaliyyətimi məhdudlaşdırmaq istəyirlər.”
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.
Gundemxeber.az
14-02-2018, 15:54
5-08-2016, 01:13
1-12-2018, 17:33
25-06-2018, 17:23
28-07-2017, 16:04
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?