Nə qədər ağrılı bir haldır ki, söhbət rüşvətdən gedəndə çoxumuz rişxəndlə "Bura Azərbaycandır" deyirik.
Halbuki, söhbət igidlikdən, mərdlikdən, gücdən, cəsarətdən, mədəniyyətdən, ismətdən, həmçinin təbiətdən düşəndə də biz bu ifadəni qürurla deyə bilərik. Şükürlər olsun ki, bu sadaladığımız üstünlüklər bizə yad deyil. Amma, görün vəziyyət nə həddə çatıb ki, uşaq-böyük rüşvətdən söz düşəndə, acı təbəssümlə "Bura Azərbaycandır" deyir. Gundemxeber.az bildirir ki, ötən həftə "DogruXeber.az" informasiya portalında haqqında bəhs edilən Akademik Zərifə Əliyeva adına Göz Klinikasının müayinə üçün pul tələb edən tibb bacısı deyirdi - "Elə bil Azərbaycanda yaşamırsıze... Bu həmişə belə olub daa"... Bəli, təəssüf ki, o haqlı idi. Özü də bilmədən etdiyi etiraf idi. Rüşvət artıq bizim üçün o qədər "doğmalaşıb" ki, hamının ən rahat "çıxış yolu"na çevrilib. Aşağıda sizə bir videogörüntü təqdim edəcəyik və siz o görüntüləri izlədikdə bu ifadələri işlətməkdə nə qədər haqlı olduğumuzu özünüz də təsdiqləyəcəksiniz.
Diqqət edin! Balakən rayonunun Qazma kənd sakini Məmmədov Vüqar Ramazan oğlu tərəfindən "DogruXeber.az" redaksiyasına videomüraciət daxil olub.
Gördüyünüz kimi zərərçəkmişin atası Vüqar Məmmədov bildirir ki, hadisəni törədən şəxs puluna o qədər güvənir ki, sahib olduğu maddiyyatı "güc" hesab edir. Üstəlik də pulunun çoxluğu görün ona nə qədər özgüvən verib ki, o, çəkinmədən qanun keşikçilərini - Daxili İşlər Nazirliyi əməkdaşlarını satın alacağını deməklə, onların nüfuzunu ciddi şəkildə zədələməkdən belə çəkinmir. Yəqin ki, Vüqar Məmmədovun mədəd umduğu Daxili İşlər Nazirliyi tərəfindən məsələ araşdırılacaq və barəsində tədbirlər görüləcəkdir. Güman edirik, hadisəni törədən şəxs həm törətdiyi qəzaya, həm də hüquq-mühafizə orqanı barəsində işlətdiyi lazımsız ifadəyə görə qanuni cəzasını alacaqdır. O zaman həmin şəxs də, rişxəndlə "Bura Azərbaycandır" deyənlər də şahidi olacaq ki, bəli, BURA AZƏRBAYCANDIR. Hüquqi, Demokratik dövlət Azərbaycan. Biz buna inanırıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?