“Əzəldən “Uber” və “Bolt” kimi startapların məntiqi bu idi ki, hər bir avtomobil sahibi işdən sonra, yaxud sərbəst vaxtlarında “taksovat”lıq edib 5-10 manat “çörək pulu” qazansın. Bizdə bu startap çox iyrənc formada inkişaf etdi. Necə? Sahibkar 50-100 ədəd “Prius” markalı avtomobil alır, işsiz gəncləri yığır və hərəsinə qəpik-quruş verib, bolluca işlədir. Daha doğrusu, istismar edir. Əlbəttə, ümumiləşdirmirəm, amma əksər hallarda gördüyümüz odur ki, həmin sürücülər şəhəri tanımırlar, kondisioneri yandırmaq, yaxud musiqinin səsini almaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən votsapla yazışırlar, maşın itin günündə, adam iyrənir oturmağa, yol qaydalarına məhəl qoymurlar və ən acınacaqlı məqam, bəzi hallarda “hallı” olurlar.. Açıq-aşkar görürsən ki, sürücü hansısa narkotik vasitəsinin təsiri altındadır...”
Gundemxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Azər Qərib bildirib.
“Bəziləri “Ucuzdur, imkan verin, 5-10 qəpik pul qazansın” kimi rəylər yazacaqlar. Səhlənkarlığa, antisanitariyaya, nizamsızlığa, mədəniyətsizliyə və digər xoşagəlməz hallara bəraət qazandırmaq istəyirik bu məntiqlə. Amma söhbət kiminsə qazancından deyil, təhlükəsizliyimizdən gedir. Sürücülük vəsiqəsi olmayandan tutmuş, narkoloji uçotda olanlara qədər - axı bunlar necə sürücü kimi işə qəbul olunurlar? Məgər hər birimiz “Uber” sürücülərinin özbaşınalıqlarını görmürükmü? Onsuz da Bakıda yol hərəkəti xaos cizgilərini almaqda davam edir, üstəlik bunların “bespredeli”. Madam kimsə 50-100 maşın alıb, taksi kimi işlədirsə bu, artıq taksoparkdır. Taksoparkın isə qaydaları var, hər halda əvvələr belə idi. Həkimi olur, marşruta çıxanları yoxlayır, dispetçeri olur, maşınların təmizliyinə və texniki vəziyətinə nəzarət edir, sürücülər şəhəri tanımaq üzrə imtahan verirlər və s. Eyni zamanda, sürücülərin hüquqları qorunur, iş günü, bazar günü, məzuniyyət və s. Evdə oturub əlavə saatlarda işləyə bilərəm, amma sürücü gözü yumulana qədər işləməməlidir, onlara həyatımızı etibar edirik. Ölkədə bir çox yol qəzalarının səbəbi məhz sürücülərin yorğun olmasıdır. Çünki nəzarət yoxdur, xaricdə xüsusi avadanlıq quraşdırılır sərnişin daşıyan maşınlara, artıq saat işləsən motor sönür. Nə isə, növbəti dəfə “Ödəniş kartla olacaqsa, imtina edin” zəngini alıb əsəbləşdim…”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?