Naxçıvanda istehsal olunan siqaretlərin qiyməti 80-90 faiz bahalaşıb.
Gumdemxeber.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a alıcılar məlumat verib. Onların sözlərinə görə, indiyə kimi aldıqları Naxçıvan istehsalı olan" Milano" 1 manat 40 qəpikdən 2 manat 60 qəpiyə, "Keno" isə 80 qəpikdən 1 manat 50 qəpiyə kimi bahalaşıb. Hər iki siqaret markasının "Naxçıvan Tabako İnternational" şirkəti istehsal edir. Bu şirkətin yerli hakim ailə Talıbovlara məxsus olduğu bildirilir. Pərakəndə siqaret satışını həyata keçirən Şərur rayon sakini Talıb Bağırov deyir ki, qiymətlər anidən qaldırılıb: "Bakıda qiymətlər yavaş-yavaş, qəpik-qəpik qaldırılır. Naxçıvanda isə birdən birə manatla qaldırdılar. "Milano"nu topdan 1 manat 40 qəpiyə alırdıq, indi 2 manat 20 qəpik olub. Biz də üzərinə 20-30 qəpik qoyuruq. 60 qəpiyə aldığımız "Keno"nu indi 1 manat 40 qəpiyə alıb, 1.60-a satırıq". 30 ilə yaxın siqaret çəkən Naxçıvan şəhər sakini İlyas Məmmədov deyir ki, qiymətin birdən-birə bu qədər qalxması siqaret çəkənlərə çox böyük ziyan vurub: “Bu gün siqaret alanda gözlərimə inanmadı. Birdən birə çəkdiyim “Milono” siqareti 80 qəpik qalxıb. Bir neçə dəfə siqaretdən uzaqlaşmaq istəmişəm. Hətta həkimə də müraciət etmişəm. Lakin bu pis vərdişdən uzaqlaşa bilməmişəm. 350 manat təqaüd alıram. Heç bir yerdə işləmirəm. Bu qiymət qalxımı bizlər üçün çox ağır maddi çətinliklərə səbəb olacaq. Nəyin bahasına olursa-olsun siqareti tərgitməyi düşünürəm. Çünki, büdcəm siqaret çəkməyə imkan vermir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?