Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Rasim Məmmədov məhkəməyə vacib sənədlər təqdim edəcəyini və ekspertiza rəylərində rəqəmlərin şişirdildiyini bildirib.
"Ekspertiza rəyində göstərilən qədər istehsal, satış olmayıb. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşmayıblar. Kimə nə qədər verilibsə, dəftərçədəki bu rəqəmlərə baxıb, özlərindən rəqəm düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil," Məmmədov qeyd edib.
Prosesdə ittiham aktı elan olunub. İttihamda deyilir ki, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.
Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) ittihamları verilib.
İtithama münasibət bildirən Rasim Məmmədov özünü təqsirli bilmədiyini deyərək nədə təqsirləndirildiyini anlamadığını deyib.
Vəkil Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib.
Prokuror məhkəmə istintaqı gedişində bütün məsələlərə aydınlıq gətiriləcəyini bildirib.
Rasim Məmmədova ittihamlarla bağlı sərbəst ifadə verməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə sentyabrın 12-də davam etdiriləcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 3-də yaydığı məlumata görə, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov saxlanılıb.
Məlumatda bildirib ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsi olub, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb.
Şirkətin polad istehsalına görə illik istehsal gücü bir milyon ton olub. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edib.
Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə məqalələr dərc olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?